Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə
yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən,
vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi
ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək son həddə çatdı. Bu vəziyyət
1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı -
ictimai-siyasi sabitlik təmin edildi. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı
məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini
yeganə çıxış yolu kimi dəyərləndirirdilər. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident
seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq
98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmizdə ictimai-siyasi
sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider
Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti
dayanır.
Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndərin
xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu
prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı
baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi
islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən
ideologiyanın yaradılması xüsusilə vurğulanmalıdır. Milli ideologiyanın yaradılması da Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib
hissəsidir. Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin
müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin
yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
29 il öncə, oktyabr ayının 3-də ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Azərbaycan beynəlxalq arenada müstəqil dövlət kimi tanındı,
səmərəli ikitərəfli və çoxtərəfli xarici əlaqələr quruldu. Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın
beynəlxalq əlaqələri genişlənməyə başladı. Yəni Azərbaycan uğurlu xarici siyasət həyata
keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirmiş oldu. 1998-ci il oktyabrın 11-də isə
keçirilmiş seçkilərdə ulu öndər Heydər Əliyev yenidən xalqın etimadını qazandı.
“Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim
üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki,
bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr
edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə
Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.”
Ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki nitqindən
Çingiz Quliyev
Masallı rayon Heydər Əliyev mərkəzinin əməkdaşı