Əlaqə Arxiv
news Image
2013.12.11
10:02
| A A A
Azərbaycanı şəxsi maraqlarına satan «hüquq müdayiəçiləri»
Azər Həsrət: “Bu insanların bəziləri həqiqətən də kompüter arxasında əyləşib özlərindən uydurma rəqəmlər düzəldirlər” Tahir Kərimli: “Elə hüquq müdafiəçisi var ki, Azərbaycanda rəsmi qaydada qeydiyyatdan belə keçməyib, amma fəaliyyət göstərir”

Xəbər verildiyi kimi, millət vəkili, "Demokratiya və İnsan Hüquqları Komitəsi" adlı təşkilatın rəhbəri Çingiz Qənizadə Azərbaycandakı bəzi hüquq müdafiəçilərinin uydurma hesabatlarını tənqid edib. O bildirib ki, ölkəmizdə heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürən elə hüquq müdafiəçiləri var: "Bunun da müqabilində qrantlar alırlar".

Millət vəkili bunu hüquq müdafiəçilərinin hansısa siyasi təşkilatların üzvü olması ilə əlaqələndirib: "Mən qəbul edə bilmirəm ki, hüquq müdafiəçisi hansısa qurumun təsiri altında olsun. O, tam bitərəf olmalıdır. Heç bir hüquq müdafiəçisi hansısa siyasi təşkilatın təmsilçisi, təsiri altında olmamalıdır. Hanısa bir təşkilatın təsiri altında və ya onun üzvü olmaqla müstəqil, bitərəf hüquq müdafiəçisi olmaq mümkün deyil. Çünki istər-istəməz həmin siyasi təşkilatın təsiri hiss ediləcək". Bir çox ictimi-siyasi xadimlər də millət vəkilinin tutduğu iradlarla razıdırlar.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirir ki, Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan insanlar faktiki olaraq iki qrupa bölünüblər: "Bu insanların bəziləri həqiqətən də kompüter arxasında əyləşib özlərindən uydurma rəqəmlər düzəldirlər. Həmin rəqəmləri beynəlxalq təşkilatlara göndərib Azərbaycanda guya insan haqları ilə bağlı gərgin durumun olduğunu iddia edirlər. Məqsədləri də ondan ibarətdir ki, ölkədə insan haqlarının gərgin olduğunu göstərsinlər. Bu yolla beynəlxalq təşkilatlardan qrant alsınlar. Dəfələrlə sübut etmişik ki, onların iddiaları əsasızdır. Demirik ki, ölkədə hər iş yerindədir. Təbii ki, problemlər var. Amma bütün bu problemlərin həlli üçün ölkədə rəsmi hakimiyyət də iradə nümayiş etdirməkdədir. Belə olduğu halda həmin məsələləri qat-qat şişirdib beynəlxalq təşkilatlara göndərmək və iddia etmək ki, ölkədə problemlərin həlli mümkünsüzdür, bu, Vətənə, dövlətə, millətə arxa çevirməkdən başqa nəsə deyil. Azərbaycan şişirtmə rəqəmlər hesabına yaranan vəziyyətdən əziyyət çəkir. Çünki, o adamların uydurduğu rəqəmlər beynəlxalq təşkilatlara gedib çıxır. Həmin təşkilatlar da həmin rəqəmlər əsasında və qarşı tərəfi, fərqli mövqeyi olan adamları dinləmədən Azərbaycanla bağlı hesabatlar hazırlayıb ölkəmizin adını "qara siyahı"ya salırlar. Eyni zamanda beynəlxalq donor təşkilatları da Azərbaycanda məhz həmin uydurma rəqəmləri çıxaran adamlarla işləyəmə meyilli olurlar. Bu da onun göstəricisidir ki, xaricdə maraqlı qüvvələr var. Həmin qüvvələr bu ölkədə uydurma insan haqları barədə sifariş verirlər. Həmin sifarişi də ölkə daxilində icra edən, donos yazmaqla məşğul olan bir qrup adam var".

Azər Həsrət əlavə etdi ki, bu adamlarla bağlı tədbir görülməlidir: "Siyasi məhbus siyahısına saldıqları 140 nəfəri bir-biri çağırıb onlarla üzləşdirmək lazımdır. Cinayətkar, oğru necə ola bilər ki, siyasi məhbusa çevrilir? Bu ölkədə heç kəs törətdiyi cinayətə görə cəzasını almamalıdırmı? Hətta o qədər gülməli müqayisələr edirlər ki, guya Azərbaycandakı vəziyyət Şimali Koreyadakı vəziyyətə bərabərdir. Halbuki, bütün dünya Şimali Koreyadakı quruluşu bilir. Bu gün Azərbaycana istənilən beynəlxalq təşkilat, xarici mediadan gələn qonaqlar olur. Ölkə ilə tanış olandan sonra həmin fikirlərin tamamilə yalan olduğunu görürlər. Bizim başımızın üstündə hər addımda polis dayanmır. Halbuki, Şimali Koreyada bu belədir. Ona görə də təəssüf ki, həmin insanlar vətənpərvərlik hissindən uzaq düşüblər".

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, Çingiz Qənizadə bunu həm hüquqşünas olduğuna görə, həm də təcrübəsinə əsasən söyləyib: "Bu, fikirlər tamamilə doğrudur. Hansısa təşkilata, tərəfə bağlı olmayan hüquq müdafiəçisi, ümumiyyətlə, müstəqil QHT çox azdır. Baxmayaraq ki, onlara dövlət dəstəyi var. Eyni zamanda insan-hüquq təşkilatlarında da vəziyyət birdir. Elə hüquq müdafiəçisi var ki, Azərbaycanda rəsmi qaydada qeydiyyatdan belə keçməyib, amma fəaliyyət göstərir. Bunlarda iki tendensiya özünü ciddi şəkildə göstərir. Ya hansısa siyasi təşkilat vasitəsi ilə hansısa mərkəzə bağlılıq və həmin təşkilatın siyasətini yürüdürlər. İkincisi də birbaşa xarici qrant təşkilatına bağlılıq müşahidə edilir. Sanki bir məmura çevriliblər. Həqiqətən də kompüter arxasından qalxmaq fikirləri yoxdur. Epizodik olaraq harasa baş çəkirlər. Birbaşa təmasa girmələrini isə çox az müşahidə edirik. Xüsusən onların siyasiləşməsi çox qorxuludur. Bəzən bu hesabatlar dövlətin açıq ziddinə olur. Heç faydası olmur, ancaq cəmiyyətdə qarşıdurma yaradır. Hətta kimlərinsə əfv olunması məsələsi qaldırılanda belə hüquq müdafiəçiləri özlərinə yaxın şəxsi, subyektiv fikirlərin əsasında onların azadlığa çıxmasında fəallıq göstərirlər".

Sizin Reklam Yeriniz