Əlaqə Arxiv
news Image
2013.12.18
20:44
| A A A
"Pakistan Qarabağ münaqişəsində Azərbaycanı tam dəstəkləyir"
Daşqın Şikarov: “Pakistan həmişə beynəlxalq hüquq prinsiplərinə sadiq qalıb”

Azərbaycanın Pakistandakı səlahiyyətli və fövqaladə səfiri Daşqın Şikarov, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqlə görüşüb.

Səfirliyin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, görüş əsnasında səfir, Sərdar Sadiqi Pakistan Milli Assambleyasının sədri vəzifəsinə seçilməsi və üzvü olduğu Pakistan müsəlman Liqasının seçkilərdə inamlı qələbə çalması münasibəti ilə təbrik edib. 

Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir ölkə kimi tanımadığına görə minnətdarlığını bildirən D.Şikarov, Pakistan qanunverici orqanının yuxarı palatası tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi ilə Pakistanın bir daha ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan səmimi qardaşlıq münasibətini nümayiş etdirdiyini vurğulayıb. 

Pakistan Milli Assambleyasının sədri S.A.Sadıq, xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqların iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib. 

O, ölkəsinin Azərbaycanı Ermənistan-Azərbaycan münaqişəsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunmasına qədər davam edəcəyini qeyd edib.


Görüşdə, Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə inkişaf perspektivləri müzakirə olunub və bu xüsusda, hər iki ölkənin parlamentləri arasında olan əməkdaşlığın vacibliyi vurğulanıb.


Sizin Reklam Yeriniz