Rusiya Federasiyasının Qəbələ RLS-in icarəsinə görə ödədiyi
məbləğ stansiyanın dəyəri və Azərbaycanın risklərinə
qeyri-adekvatdır.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov
"İnterfaks-Azərbaycan" agentliyinə verdiyi açıqlamada deyib.
"Bu gün Rusiyanın informasiya-analitik mərkəz statusuna malik
Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi 7 mln. dollar
məbləğində vəsait qeyri-adekvatdır", - deyə A.Əzimov Azərbaycan
tərəfinin Qəbələ RLS-dən istifadəyə görə icarə haqqını artırmaq
niyyətini şərh edərkən bildirib. "Ödənilən məbləğ, bir tərəfdən,
RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik
üçün dəyəri və vacibliyinə adekvat deyil. Digər tərəfdən isə bu
məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən
Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil", - deyə
diplomat qeyd edib.
O bildirib ki, deyilənləri nəzərə alaraq, RLS-in icarə haqqı bir
neçə dəfə artırılmalıdır.
"Digər ölkələrin, həmçinin Rusiyanın başqa ölkələrdə belə
obyektlərlə bağlı təcrübəsi ödənişlərin dəfələrlə artırılmasının
zəruri olduğunu deməyə əsas verir", - deyə A.Əzimov əlavə edib.
Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin sonunda başa çatır.
Azərbaycan və Rusiya Federasiyası stansiyanın icarə müddətinin
uzadılması haqqında danışıqlara başlayıblar. Bu məsələ həmçinin
ötən həftə Rusiya Federasiyası və Azərbaycanın müdafiə nazirləri
Anatoli Serdyukov və Səfər Əbiyevin görüşündə müzakirə edilib.