Əlaqə Arxiv
news Image
2014.01.20
16:55
| A A A
Azərbaycanın Serbiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

2014-cü ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən qanlı yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, sonra 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov 20 Yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınları, vəhşilikləri xatırlayaraq, milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır. O, 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı, amansızlığı ilə seçilən təcavüzdən bəhs edərək, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləboran edilməsindən danışmışdır.

Səfir faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulamış, həmin hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.

Sonra mərasim iştirakçıları "Azadlığa aparan yol" sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki Səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları və KİV arasında yayılmışdır. Eyni zamanda Səfirliyin təşəbbüsü ilə Serbiyanın aparıcı "Politika" qəzetində "Azərbaycanın Qara Yanvarı" və "Danas" qəzetində "Qara Yanvarın dərsləri" məqalələri dərc edilmişdir.

Sizin Reklam Yeriniz