"Qarabağ münaqişəsi regionda qeyri-stabillik yaradır." Belə bəyanatla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonda keçirilən "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda çıxış edib. Diplomat bildirib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil. Səfir bildirib ki, Ukraynadakı hadisələr qarşılıqlı münasibətlərin vacibliyini nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan və ABŞ dövlətlər arasında münasibətlərin gücləndirilməsi üzərində çalışmalıdırlar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər".R.Morninqstar vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq etmədən bunu etmək olduqca çətin olacaq.
Beləliklə, ABŞ yenidən Qarabağ münaqişəsinin həllinin vaciblyini önə çəkir. Lakin münaqişənin həlli istiqamtəində hansısa real addımlar atılmır və Vaşinqton passivlik nümayiş etdirir.
Politoloq Qabil Hüseynli ABŞ-ın Qarabağa məsələsində aktiv olmamasının ilk səbəbini uzun illərdir, Rusiya ilə ABŞ arasında maraq dairələrinin bölünməsinə dair bəlli bir razılaşmanın olması ilə izah edir: "Bu razılşamaya uyğun olaraq ABŞ Cənubi Qafqazı Rusiyanın maraq dairəsi kimi tanıyır. Bu səbəbdən də üstünlüyü Rusiyaya verir. Ancaq bütün hallarda ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi problemin obyektiv, beynəlxalq hüquq normalarına uyğun həll edilməsində tərəfdar olmalıdır. Düzdür, ABŞ həmsədrləri dəyişsə də, onların heç birinin problemə yanaşma tərzi dəyişməyib. Xüsusi ilə indiki həmsədrin dövründə məsələ bir az da mürəkkəbləşib. Bu adam təcrübəli diplomat kimi təqdim edilsə də, çox naşı bəyanatlar verir. Hiss etdirir ki, ölkədə baş verən proseslərin tarixini yaxşı anlamır və ya anlamaq istəmir. Davanışlarında xristian təəssübkeşliyi qırmızı xətti keçir. Burada Ermənistanın uzun illərdir apardığı təbliğatın da rolunu qeyd etmək lazımdır. Çünki, lobbiçilər həm ABŞ-ın Konqresində, həm Senatındadırlar. Eyni zamanda müxtəlif siyasi partiyaların nümayəndələridirlər. Bu məsələdə onlar ölkənin siyasətini müəyyənləşdirən əsas fiqurlara təsir göstərməyi bacarırlar. Düzdür, son vaxtlar Azərbaycanın siyasi önəmi artıb. Bu da ABŞ-ın maraqlarına səbəb olub. Amma hələ ki, ABŞ-ın Dağlıq Qarabağa məsələsinə yanaşması dəyişməyib. Hətta yeni həmsədrin timsalında bir az da qəlizləşib. Hər halda Azərbaycan ABŞ ilə ciddi işləyir. Azərbaycan həm də dünya ictimaiyyəti ilə ciddi işləməlidir. Baş verən hadisələrin siyasi anatomiyasını dünyaya çatdırmaq üçün lazım olan üsullardan faydalanmalıdır. Dünyanı obyektiv olmağa vadar etməlidir. Bundan sonra ABŞ-ın bölgədə strateji maraqları ilə yanaşı, həm də siyasi maraqları təmin ediləcək. O, Qarabağ məsələsinə daha obyektiv yanaşmağa başlayacaq".
Politoloq Rasim Ağayev bildirdi ki, ABŞ bilavasitə maraqları həll olunan məsələlərdə aktiv olur: "Qarabağda ABŞ-ın maraqları həll olunmur. İkincisi də, ABŞ avroplalılar kimi Qarabağ məsələsi ortaya çıxandan bilavasitə göstərdi ki, ermənilərin tərəfindədir. Bunun heç vaxt gizlətməyib. O zaman ermənilər də borclu qalmadılar. ABŞ Ermənistandan SSRİ-nin dağıdılmasında istifadə etdi. Bu məsələdə ermənilər ABŞ-a sadiq çıxdılar".
Politoloqun fikrincə, elə problemin təməlini də ABŞ qoyub: "Çünki, Ermənistanda onun agenturası işləyirdi. ABŞ-ın özündə də bu məsələnin tərəfdarları fəal olublar. Mixail Qorbaçov başda olmaqla komandası ABŞ-ın agenturası idi. Amma SSRİ dağılandan sonra məsələ konkret Rusiyanın himayəsinə keçdi. Rusiya da bu məsələdə bilavasitə Ermənistanın tərəfində oldu. O vaxt "demokratik" Rusiyanın dairəsində ermənilərin mövqeləri güclü idi. Bu da Rusiyanın ənənəvi siyasətinin nəticəsidir. Ənənəvi Rusiya siyasəti xristinalığa kömək etmək olub. Ermənilərin milli ocaq yaratmaq məsələsini də bilvasitə Rusiya həll etdi".