Əlaqə Arxiv
news Image
2014.05.08
08:14
| A A A
Azərbaycan üzrə AŞ PA Monitorinq Komitəsinin ləğvi gözlənir
Natiq Miri: “Mahiyyətcə müsbət dəyişikliklərin olması Monitorinq Komitəsinin tamamilə ləğv olunmasına gətirə bilər” Asim Mollazadə: “Monitorinq Komitəsinin ləğv olunması istiqamətində işlər aparılır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycan ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirib: "Əminik ki, yeni qəbul olunmuş və tezliklə, Baş katibin Bakıya səfəri zamanı başlanacaq 2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı, gələcək illərdə Azərbaycan ilə Avropa Şurası arasında uğurlu əməkdaşlıq üçün digər əhəmiyyətli alət olacaq". Azərbaycanın Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirməsi isə qurumun ölkəmiz üzrə Monitorinq Komitəsinin fəaliyyətinə artıq son verilməsini də zərurətə çevirir. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bunula bağlı bildirir ki, həqiqətən də Azərbaycan Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirib: "Ancaq bütün öhdəliklər hələ tam yerinə yetirilməyib. Bu məsələlər birmənalı çözümünü tapmadıqca Monitorinq Komitəsi fəaliyyətini davam etdirəcək. Amma mahiyyətcə müsbət dəyişikliklərin olması Monitorinq Komitəsinin tamamilə ləğv olunmasına gətirə bilər. Son zamanlar Azərbaycanda müəyyən dəyişiklikləri hiss etməkdəyik. Xüsusi ilə elm sahəsinə yeni nəfəslərin gətirilməsi prosesləri başlayıb. Ali təhsil müəssisələrinin rəhbərlərinin tədricən dəyişdirilməsi göstərir ki, Azərbaycanda müsbət islahatlar "küləyi" artıq başlayıb. Eyni zamanda bunlar Qərb dünyasının da diqqətindən qaçmır. Bu, davamlı olmalıdır. İslahatlar davamlı olduqca Monitorinq Komitəsinə də ehtiyac qalmayacaq. Artıq ölkəmizdə də müsbət dinamika hiss olunur. Bu, çox sevindiricidir. Çünki, istənilən dövlətin "ölməsi" üçün lazım olan elementlərdən biri durğunluqdur. Azərbaycanda isə dinamika var. Belə olarsa, AŞ-nın nəzdində Monitorinq Komitəsinə ehtiyac qalmayacaq".

Digər politoloq Fərhad Mehdiyev bildirdi ki, hazırda Avropa Şurasının Nazirlər Kabinetində çətin günlər keçir: "Düzdür, Azərbaycanla bağlı müxtəlif statuslu komissarlar təyin olunub. Ancaq bu cür statuslu komitələrin ləğv edilməsini tələb etməyə çox da ehtiyac yoxdur. Azərbaycan həqiqətən AŞ qarşısında götürdükləri öhdəlikləri yerinə yetirdiyini bəyan edirsə, bu cür komitələrin yaradılması avropalıların öz problemi kimi qiymətləndirilməlidir. Həmin komtitələrin ləğvi məsələsində söz haqqı bizə də aiddir. Amma rəsmi etirazımız belə onun bağlanacağı ilə nəticələnməyəcək. Yəni, çox etiraz edə bilərik. O cür komitələrə etiraz etmək əksinə, onların yaranma səbəbini daha çox gündəmə gətirir. Mövcud şəraitdən çıxış etmək lazımdır. Mövcud şərait bu təklifi irəli sürüb tez bir zamanda komitənin yığışdırılmasına imkan tanıyırsa, bundan söz açmaq olar. Hətta rəsmi olaraq deyil, bunu bəlkə də ikili görüşmələrdə irəli sürmək daha yaxşıdı. Yaxud da Azərbaycan öz adından deyil, rəsmi Bakının AŞ-da əməkdaşlıq etdiyi ölkələr, məsələn Rumıniya belə təşəbbüslə çıxış edə bilər. Ona görə də hazırda Azərbaycanın bu məsələni qaldırmasına ehtiyac yoxdur".

Millət vəkili Asim Mollazadə isə bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin ləğv olunması istiqamətində işlər aparılır: "Ancaq Türkiyədə indiyə qədər monitorinq davam edir. Baxmayaraq ki, Türkiyə AŞ-nın yaradıcı ölkəsindən biridir. Azərbaycanda da bu istiqamətdə işlər davamlı olacaq. Çox güman ki, Azərbaycan buna nail olacaq".

Sizin Reklam Yeriniz