Əlaqə Arxiv
news Image
2014.05.15
08:40
| A A A
Müxalif düşərgə yenə əcnəbilərlə sövdələşməyə can atır
Kamil Seyidov: "Bununla radikallar bir daha göstərdilər ki, şəxsi maraqları naminə satqınlığa da getməyə hazırdırlar" Aydın Mirzəzadə: " Radikal müxalifətin bu siyasəti onların milli dəyərlərdən uzaq olmalarının göstəricisidir "

Azərbaycanın radikal müxalifəti son hərəkətləri ilə yenə də göstərdi ki, onlar ancaq xarici dəstək əsasında fəaliyyət göstərirlər. Daxildə xalqın dəstəyini qazanmaq isə onlar üçün önəm kəsb etmir. Onların Fransa prezidenti Fransua Ollandla olan son görüşündən sonra da bir daha məlum oldu ki, xaricdən hansısa dəstək olarsa, müxalifət yenə Azərbaycanın milli maraqlarını satmağa hazırdır. Qeyd edək ki, bu görüşdə də radikallar öz ənənələrinə sadiq qalmaqla, yenə də Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirmək, onu ləkələməklə məşğul olublar. Ümumiyyətlə, hələ müxalifətin xarici ölkə təmsilçiləri ilə elə bir görüşü olmayıb ki, onlar burada ölkəmiz əleyhinə, onun maraqlarına zidd fikirlər səsləndirməsin. Amma bunun müqabilində həmin görüşlərdə ağrılı problemimiz olan Dağlıq Qarabağla bağlı məsələləri bir dəfə də olsun, əcnəbilərin diqqətini çatdırmağı özlərinə borc bilməyiblər. Bir müddət əvvəl radikalların toplaşdığı Milli Şura da öz fəaliyyəti ilə Azərbaycanın milli maraqlarını hər an satmağa hazır olduğunu göstərmişdi. Belə ki, Milli Şura Rusiya projesi olaraq vaxtilə ölkəni Rusiyaya satmışdı. Həmin layihənin özü Rusiyadan idarə olunurdu. Bu həm də o mənaya gəlir ki, radikallar öz şəxsi maraqlarının təmini naminə istər Qərb, istər Şimal, istərsə də Şərqə yarınmağa hazırdırlar.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, xarici dəstək naminə Azərbaycan əleyhinə fəaliyyət göstərmək radikal müxalifətin satqınlığından irəli gəlir: "Bildiyiniz kimi, radikal müxalifətin Azərbaycanda mövqeyi hər seçkidən seçkiyə zəifləyir. Bu da onların düzgün siyasət yeritməmələrindən irəli gəlir. Radikallıq müasir sivil cəmiyyətimizdə keçərli deyil. Vaxtilə onları dəstəkləyən bir sıra qüvvələr də məhz bu səbəbdən indi onlardan uzaqlaşıb. Cəmiyyət isə ümumiyyətlə, bu qüvvələri qəbul etmir. Çünki, onlar Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu siyasətin müsbət nəticələrini artıq öz üzərlərində hiss ediblər. Xalq İlham Əliyevin siyasətini dəstəkləyir. Çünki görür ki, ancaq bu siyasət onların və dövlətimizin maraqlarına cavab verir. Müxalifət isə bu fonda daha da aqressiv mövqe sərgiləyərək, radikallığı daha da artırır. Belədə isə, daxildəki mövqelərini itirməkdə davam edirlər. Bu əsasda da dövlətçilik maraqlarına zidd gedərək üzlərini xaricdəki hamilərinə tuturlar. Hansı ki, xarici dairələr heç də müxalifətə aşiq olduğundan onları dəstəkləmir. Bunun müqabilində öz maraqlarının təmin edilməsini istəyirlər. Azərbaycan müxalifəti dəfələrlə fəaliyyətləri ilə xaricdən dəstək alınmasına çalışıb. Buna nail olmaq üçün də əcnəbilərin istənilən arzularını yerinə yetirməyə hazırdırlar. Təki xaricdən onlara dəstək və maliyyə yardımı edilsin. Onların xisləti elədir ki, xaricdən gələn hər hansı bir dəstək müqabilində ölkəmizin milli maraqlarını ayaqlar altına atmağa hər an hazırdırlar. Bu da radikalların şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutmalarından irəli gəlir. Həmçinin, ölkə daxilində xalq arasında mövqelərin itirmələri də radikalları xaricdən dəstəyə önəm verməyə meylləndirib. Bu əsasda həm də maliyyə dəstəyi alırlar. Maliyyə dəstəyi müqabilində də xarici hamilərinin əmrlərini can-başla icra edirlər. Bu vəziyyət radikalların milli maraqlardan uzaq olduğuna daha bir nümunədir. Bununla onlar bir daha göstərdilər ki, şəxsi maraqları naminə satqınlığa da getməyə hazırdırlar".

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, radikal müxalifətin bu siyasəti onların milli dəyərlərdən uzaq olmalarının göstəricisidir : "Hesab edirəm ki, Azərbaycan müxalifətinin böyük əksəriyyətinin ölkə daxilində cəmiyyətlə ümumiyyətlə, əlaqəsi yoxdur. Onlar xalqın maraqlarını təmsil etmir və dəstəyi seçicidən almırlar. Bir qrup insanlar var ki, müxalifəti özlərinin məşğul olduğu peşəyə çevirib. Ancaq o peşənin məsuliyyətini daşımaq istəmirlər. Cəmiyyətin inkişafı ilə bağlı proqramları yoxdur, Azərbaycanın inkişafına öz töhfələrini vermək istəmirlər. Ən əsası onlar siyasi qüvvələrə xas vətənpərvərlik hissindən uzaqdırlar. Radikalları ancaq və ancaq ölkədə vəziyyətin pis olması maraqlandırır. Heç də təsadüfi deyil ki, onların müraciətləri cəmiyyətə, sadə seçiciyə deyil, Azərbaycana səfər edən prezident, baş nazir və xarici ölkə səfirlərinə yönəlir. Fransa prezidentinə onların münasibəti də məhz bundan qaynaqlanan məsələdir".

Sizin Reklam Yeriniz