Əlaqə Arxiv
news Image
2014.05.17
10:37
| A A A
Avropa Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdi
Hatəm Cabbarlı: “Barrozunun səfəri zamanı Aİ-nin Azərbaycan ilə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin müzakirəyə çıxarılmasını regiondakı hadisələrin fonunda dəyərləndirmək mümkündür” Rasim Ağayev: “Bütün bu məsələlər Ukrayanada inkişaf edən hadisələrə bağlıdır” Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iyunda Azərbaycana səfər edəcəyini bildirib. Joze Manuel Barrozu bildirib ki, bu, Cənubi Qafqaz səfəri deyil: "Çünki Ermənistana getməyəcəm. Azərbaycana, Gürcüstana və Moldovaya səfər edəcəm. Azərbaycanda təkcə enerji deyil, bir çox digər məsələlər müzakirə olunacaq".
Səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın durumu, Azərbaycanın Avropa Qonşuluq Siyasəti və "Şərq Tərəfdaşlığı" proqramlarında iştirakı, Azərbaycanda demokratik və iqtisadi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi və ən əsası isə Aİ ilə təhlükəsizlik sahəsində məsələlər müzakirə mövzusu olacaq. Avropa İttifaqının enerji sahəsi ilə bərabər, təhlükəsizlik məsələsində Azərbaycanla iş birliyini gündəmə gətirməsi son aylar regionda gedən siyasi və hərbi proseslərin fonunda gündəmə gəlməsi istisna edilmir. Xüsusən də Ukraynada baş verənlərdən sonra Avropa Azərbaycanlada təhlükəsizlik sahəsində əmkdaşlığını genişləndirilməsində maraqlıdır.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı hesab edir ki, təhlükəsizlik sahəsində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı əslində, bir az gecikmiş məsələdir: "Bu da daha çox Aİ-dən irəli gələn səbəblərə görədir. J. M Barrozunun səfəri zamanı Aİ-nin Azərbaycan ilə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin müzakirəyə çıxarılmasını regiondakı hadisələrin fonunda dəyərləndirmək mümkündür. Belə ki, Rusiyanın postsovet dövlətlərinə qarşı siyasətində ciddi korrektələr etdiyi ərəfədə Aİ artıq Azərbaycanı sadəcə enerji sahəsində əhəmiyyətli tərəfdaş kimi deyil, eyni zamanda təhlükəsizlik sahəsində də ciddi perspektivi olan dövlət olaraq görür. Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız hərbi sahədə görmək məsələyə bir az dar çərçivədə baxmaq kimi dəyərləndirilə bilər. Burada enerji təhlükəsizliyinin təmin edilməsi, regionda cərəyan edən hadisələrə ortaq reaksiya vermək kimi məsələlər də xüsusi qabardılmalıdır".
Politoloq qeyd etdi ki, Azərbaycn müstəqil bir dövlətdir: "Ölkəmizin son 20 ildə Rusiya ilə təhlükəsizlik sahəsində ciddi əməkdaşlığı var və davam edir. Ordumuzun silah təminatı əsasən Rusiyadandır. Digər məsələlərdə də hər iki ölkə arasında əməkdaşlıq hökm sürür. Ancaq bu, o demək deyil ki, Azərbaycan təhlükəsizlik sahəsində təkcə Rusiya ilə əməkdaşlıq edə bilər. Azərbaycan eyni zamanda bölgə əmin-amanlığına töhfə vermək üçün Aİ və digər ölkələrlə də təhlükəsizlik sahəsində əməkdaşlığını inkişaf etdirə bilər. Bu baxımdan Rusiyada milliyyətçi dairələrin Azərbaycanın Aİ ilə təhlüksəzilik məsələsinə qısqanclıqla yanaşması gözləniləndir. Amma bu, Rusiya dövlətinin Azərbaycana yönəlik görüşünü əks etdirmir. Rusiya Aİ-Azərbaycan əməkdaşlığından ölkəmizə qarşı hər hansı təzyiq vasitəsi kimi istifadə edə bilməz".
Digər politoloq Rasim Ağayev bildirdi ki, faktiki olaraq, Avrasiya məkanı növbəti qarşıdurma şəraitindədir: "Yəni, Qərb keçmiş postsovet məkanını özünə tərəf çəkməyə çalışır. Dirçəlmiş Rusiya da ənənəvi regionları öz təsiri altında saxlamağa can atır. Nəticədə qarşıdurma var. Bu nöqteyi- nəzərindən Avropanın təklif etdiyi təhlükəsizlik proyekti Baltikyanı ölkələr, Ukrayna tərəfindən müsbət qarşılanır. Amma buna Cənubi Qafqazda birmənalı münasibət yoxdur. Gürcüstan NATO-nun üzvü olmaq üçün tam hazır olduğunu deyir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Azərbaycan isə iki tərəfin arasında neytral mövqe tutub. Ola bilsin ki, yaranmış vəziyyətdə yeganə yol elə məhz budur. Ona görə də Barrozunun regiona növbəti dəfə gəlməsi o qədər də asan olmayacaq. Bir müddət Rusiya Aİ qarşıdurması davam edəcək. Bütün bu məsələlər Ukrayanada inkişaf edən hadisələrə bağlıdır. Amma bütün hallarda Azərbaycanın Aİ ilə belə yaxınlığı olmadan da Rusiyanın Avropa ilə münasibətləri lazimi qədər radikaldır".
Sizin Reklam Yeriniz