Əraziləri işğala məruz qaldığından hərbi sahədə fəal siyasət yürüdən ölkələrdən biri kimiAzərbaycan müasir əsgəri texnika alışını davam etdirir. Məhz bel əbir vaxtda yayılan məlumatlaar əsasən, Azərbaycanla Rusiya arasında daha bir iri silah sövdələşməsinə dair razılaşma əldə olunub.Belə ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan "Bal-E" taktiki sahil raket komplekslərini almağa maraq göstərir. Məsələ ilə bağlı "Kommersant" qəzetinə bu raketləri istehsal edən "Taktiki raket silahları" korporasiyasının baş direktoru Boris Obisnov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinə sahil raket komplekslərinin alınması üçün sorğu göndərib. Söhbət hələlik bir diviziyon "Bal-E" komplekslərindən gedur. Bu raket komplekslərinin köməyi ilə Azərbaycan Xəzərdəki sahilyanı zonasının müdafiəsini möhkəmləndirmək niyyətindədir.
Kremlə yaxın mənbənin bildirdiyinə görə, bu raket komplekslərinin Azərbaycana satılmasına dair ilkin razılıq artıq əldə olunub. Hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyası Azərbaycana "Bal-E" raketlərinin satılmasına icazə verib. Rusiya tərəfi bu silah sövdələşməsinə Ermənistanın neqativ reaksiyasını gözləmir. Çünki "Bal-E" raketləri dəniz məkanının müdafiəsi üçündür, Ermənistanın isə Xəzər dənizinə çıxışı yoxdur.
Müqavilənin bağlanmasından sonra Azərbaycan dünyada "Bal-E" komplekslərinə malik üçüncü ölkə olacaq. Hazırda bu komplekslər ancaq Rusiyanın Xəzər donanmasının və Vyetnam silahlı qüvvələrinin sərəncamında var. "Bal-E" taktiki raket kompleksləri ərazi sularının və sahilyanı zonaların, hərbi-dəniz bazalarının və digər dəniz obyektlərinin, sahilyanı quru ərazilərinin desant təhlükəsi mövcud olan istiqamətlərinin müdafiəsi üçün nəzərdə tutulub.
İlk dəfə komplekslər Rusiya donanmasına 2008-ci ildə verilib. "Bal-E" kompleksləri MZKT-7930 şassisinin üzərində yerləşən mobil sistemdən ibarətdir. "Virtualaz" portalının məlumatına görə, kompleksə özüyeriyən komanda və idarəetmə mərkəzi, gəmilər əleyhinə X-35 raketləri daşıyan buraxılış qurğusu daxildir. Kompleksin tərkibində raketləri qurğuya yükləmək üçün nəqliyyat-yükləmə maşını da var. Kompleks X-35 raketləri ilə 120 kilometr məsafədə hədəfi vura bilir, hər kompleks 8 belə raketlə təchiz olunub. Raketlər bir-birindən 3 saniyə intervalla buraxılır.
Qeyd edək ki, Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alır. Bura 100 ədəd "T-90S" tankı, "Smerç" reaktiv yaylım atəşi sistemləri, S-300 PMU "Favorit" zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir. Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan Rusiyadan daha 100 ədəd "T-90S" tankı sifariş vermək niyyətindədir və bu barədə ilkin razılaşma var.
Rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyir ki, Azərbaycanın İranla bağlı hansısa narahatlıqları var. Lakin Bakı düşmən kimi əsasən Ermənistanı görür: "Dağlıq Qarabağda daimi sülh yoxdur. Daim toqquşmalar baş verir, insanlar həlak olur. Əlbəttə, hələ böyük müharibə yoxdur, ancaq prinsipcə belə müharibə gözlənilir". Ekspertin sözlərinə görə, Azərbaycana silah satışı Moskvanın İrəvanla münasibətlərini korlamır: "Əgər imkan varsa, Rusiya hamıya silah satır, müxtəlif münaqişə tərəflərinə - Somaliyə, Efiopiyaya, Hindistana, Çinə, Vyetnama. Azərbaycana silah satarkən Rusiya əsasən ondan çıxış edir ki, Bakının pulu var və o, istənilən halda silah alacaq. Rusiya satmasa, başqa yerdən alacaq. Ermənilər bundan narazıdır. Ancaq onlar neyləməlidir? İrəvan da Rusiya silahı alır, üstəlik az qala pulsuz. Öz-özlüyündə Ermənistanın hərbi büdcəsi tamamilə cüzidir".