Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT Parlament Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Azərbaycan prezidentinin İrəvan və Zəngəzur mahalını da geri qaytaracağı ilə bağlı dediklərinə cavab verib: "Azərbaycan İrəvan daxil olmaqla, həqiqətən öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz".
Qeyd edək ki, hazırda Ermənistan adlanan ərazi vaxtilə Azərbaycan torpağı olub. Bu ərazilərdə yaşayan insanların böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Ermənilər bu əraziyə ancaq XIX əsrin əvvəllərində baş verən Rusiya-İran müharibələrindən sonra gətirilib. Tədricən Rusiyanın dəstəyi ilə bu ərazilərdə gəlmə ermənilərin sayı artırılıb. Orada yaşayan soydaşlarımız isə dəfələrlə repressiyalara məruz qalaraq, doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar. Beləliklə, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan ərazisində və İrəvan mahalında hazırda ermənilər məskunlaşıblar.
Azərbaycan təmsilçiləri dəfələrlə bəyan edib ki, İrəvan da daxil olmaqla öz tarixi torpaqlarımıza qayıdacağıq. Görəsən, bu fikirlər Azərbaycanın Ermənistana növbəti sərt mesajı ola bilərmi?
Millət vəkili Elman Məmmədov da vurğuladı ki, bu kimi fikirlərlə Ermənistanı, onun havadarlarını daim narahat vəziyyətdə saxlamalıyıq: "İrəvan da daxil olmaqla öz tarixi torpaqlarımıza qayıdacağıq fikri son dövrlər cənab Prezidentimizin rəsmi şəkildə dəfələrlə işlətdiyi fikirdir. Bununla Azərbaycan həm işğalçı ölkəyə, həm də onu müdafiə edənlərə, müxtəlif beynəlxalq qurum və dövlətlərə çatdırmaq istəyir ki, ermənilər üçün onların havadarlığı ilə keçən əsrin əvvəllərində yaradılan dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bu azmış kimi, yenidən onlar Azərbaycan torpaqları hesabına ermənilər üçün heç bir hüquqi əsas olmadan ikinci bir dövlət yaratmaq istəyirlər. Belə haqsızlıq, ədalətsizliyə qarşı Azərbaycan da haqlı olaraq bəyan edir ki, İrəvandakı tarixi torpaqlarımıza da qayıdacağıq. Beynəlxalq qurumlar bu hərəkətləri ilə Azərbaycanı məcbur edir ki, nəinki keçən əsrin sonlarında işğal olunmuş torpaqlarımıza, hətta dədə-baba yurdumuza, İrəvana, Qərbi Azərbaycana da qayıda biləcəyimizi bəyan edək. Belə davam edərsə, Ermənistan işğala son qoymasa, məcbur olacağıq ki, həmin etnosu, erməni deyilən qrupu hardan gəliblərsə süpürüb ora da ataq. Çox haqlı olaraq belə fikirlər səslənib".
Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, hüquqi baxımdan da İrəvanın Azərbaycana geri qaytarılması üçün ciddi əsaslar mövcuddur: "Azərbaycanın İrəvan da daxil olmaqla öz tarixi torpaqlarına qayıdacağı barədə rəsmi səviyyələrdə səslənən fikirlər təkcə mesaj deyil, həm də bir mövqedir. SSRİ dönəmində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi. Ondan da əvvəl məhz Azərbaycan torpaqlarında bir Ermənistan qurulmuşdu. Bu zaman qəbul edilən şərtlərdə göstərilirdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasında olmayacaq və azərbaycanlılar da Ermənistandan çıxarılmayacaq. Yəni, bu şərtlər daxilində həmin torpaqlarımız Ermənistana verilə bilərdi. Artıq bu şərt pozulub. Belədə həmin müqavilə də qüvvədən düşmüş sayılır. Bu fonda da ölkəmizin İrəvanı geri qaytarmaq üçün hüquqi cəhətdən kifayət qədər əsası vardır. Bununla bərabər o böyük iddianı bir kənara qoyub, Azərbaycanın sonradan işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan ermənilərin çıxması çağırışını etməyimizə baxmayaraq, beynəlxalq aləm və Ermənistan buna susur. Belə olarsa və müharibənin aktiv fazası başlayarsa, hüquqi əsasımız olduğundan müharibəni İrəvanda tamamlayacağıq. Belədə də tarixi torpaqlarımızı beynəlxalq qanunlara uyğun olaraq geri qaytara bilərik".