Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi" adlı qısametrajlı sənədli filmin təqdimat mərasimini keçirib.
Movqe.az-ın "Report"-a istinadən məlumatına görə, tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova bildirib ki, institut ermənilərin cinayətləri, qanunsuzluqları sahəsində ciddi araşdırmalar aparır.
Onun sözlərinə görə, İnsan Hüquqları İnstitutu YUNESKO ilə birgə tədbirlər təşkil edir, belə tədbirlər bundan sonra da keçiriləcək.
L.Əhmədova qeyd edib ki, son iki əsrdə ermənilər işğalçıları azərbaycanlıları mənəvi üşün cinayətlərə əl atıb: "Baş verənlərin dünyaya çatdırılmasında fəal olmalıyıq, araşdırmalarımız davam etməlidir".
Filmin ssenari müəllifi Faiq İsmayılov bildirib ki, film Türkiyə və Avropa ölkələrində də nümayiş etdiriləcək: "Bu filmdə ermənlər öz vandallığını təsdiq edir. Azərbaycan xalqına qarşı baş verən haqsızlıqları faktlarla, bu cür sənədli filmlərlə sübut edəcəyik".
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər kəsi fəal olmağa çağırıb. O deyib ki, hamı üzərinə düşən missiyanı yerinə yetirməlidir: "Ermənilər Azərbaycanın milli-mənəvi irsinə zərbə vurub. Ermənilər özləri də qəbul ediblər ki, mənəvi irsə zərbə vurmaq olmaz. Azərbaycana məxsus 698 abidəni məhv ediblər. Bu abidələri əksəriyyəti Şuşadadır. Bütün bunları dünyaya çatdırmaq üçün fəallıq göstərmək lazımdır".
Filmdə Azərbaycanın işğal altındakı ərazilərindəki xristian dövrü bazillikalar və monastrların üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsi barədə söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir.
Filmin əsas sujet xətti ermənilərin məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul edə bilməmələrindən bəhs edir.
Sənədli filmdə Ermənistan hökumətinin məqsədli şəkildə Azərbaycanın işğal altındakı ərazilərindəki xristianlıq dövrü abidələrinin üzərindəki elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırmasından, Alban dövrü abidələrinin ilkin görkəmini dəyişdirərək özününküləşdirməsindən bəhs etdirilir.