Son zamanlar Rusiyanın Dağlıq Qarabağ məsələsində hiss edilən aktivliyi Avropa İttifaqını da hərəkətə gətirib. Ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu xüsusda maraqıl fikirlər səsləndirdi. ümidverici danışdı.
O, Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qəbuledilməz olduğunu dedi: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan ölkələr "Dağlıq Qarabağ respublikası"nı tanımır. Status-kvo qəbulolunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik".
Politoloq Şahin Cəfərli bildirir ki, son həftələrdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Avropa İttifaqının, eləcə də ABŞ-ın marağının artmasını onların müharibə ehtimalından duyduğu narahatlıqla izah edə bilərik: "Şübhə yoxdur ki, Brüssel və Vaşinqton Cənubi Qafqazda münaqişənin alovlanmasını istəmir. Əvvəla, qeyd etmək lazımdır ki, hazırda dünyada onsuz da kifayət qədər qaynar nöqtələr var. O cümlədən postsovet məkanında Ukrayna və Rusiya arasındakı Donbas münaqişəsi ən narahatedici münaqişə kimi aktuallığını qoruyur. Qərb bu problemlərlə məşğul olduğu bir dövrdə həmin qaynar ocaqların sırasına Qarabağ müharibəsinin də əlavə olunmasını arzulamır. Digər tərəfdən, Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə, proseslərin necə cərəyan edəcəyini və nələrə səbəb olacağını proqnozlaşdırmaq Qərb üçün çətindir. Düzdür, Azərbaycan özünün iqtisadi potensialı, hərbi gücü və insan resursları baxımından Ermənistandan dəfələrlə üstündür və öz ordusunun döyüş qabiliyyətini yüksəltməyə, onu müasir silahlarla təchiz etməyə davam edir. Ermənistan müstəqil şəkildə Azərbaycanla müharibə aparmaq üçün zəruri gücə və potensiala malik deyil.
Eyni zamanda, Rusiya proseslərə seyrçi qalmayacaq. Hərbi əməliyyatların bərpası halında Türkiyənin birbaşa müdaxilə etməsə belə, Azərbaycana siyasi-mənəvi dəstəyi və müəyyən yardımları ilə bu münaqişəyə dolaylı yoldan cəlb olunması və Ermənistanla münasibətlərinin daha da pisləşməsi ehtimalı var. Bu isə gərginliyin arealının daha böyük coğrafiyaya yayılması demək olacaq ki, Qərb bunda qətiyyən maraqlı deyil. Ona görə də hazırda onların bütün səyləri bu təhlükəli ehtimalların qarşısının alınmasına yönəlib. Lakin münaqişənin həllində Aİ-nin və ABŞ-ın həlledici rol oynamağa başladığını söyləmək doğru olmazdı. Düzdür, yaxın vaxtlarda - sentyabr ayında ABŞ-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü planlaşdırılır. Hər bir görüş faktının özü əhəmiyyətli hadisədir və müəyyən yumşalmanın, həll prosesində münbit zəminin yaranmasına səbəb olur. Lakin bu görüşün münaqişənin həllində ciddi irəliləyişə gətirib çıxaracağını söyləmək üçün hələlik əlimizdə hər hansı əsas yoxdur. Diplomatiya praktikası göstərir ki, yüksək səviyyəli görüşlərdə hər hansı ciddi nəticəyə nail olmaq üçün ondan əvvəlki hazırlıq prosesi daha önəmlidir. Yəni, tərəflər arasında hansısa ilkin razılaşmalar və kompromislər əldə olunmalıdır ki, onun əsasında müəyyən sənəd (bəyannamə, memorandum, protokol, saziş, müqavilə və s.) layihəsi hazırlanaraq 1-ci şəxslərə təqdim olunsun və onların görüşündə həmin sənədə imza atılsın. Hazırda belə bir proses gedirmi? Bunu bilmirik. Ola bilsin ki, qapalı danışıqlarda hansısa prinsiplər, yeni təkliflər, hətta sənəd layihəsi də müzakirə olunur. Lakin baş verənlər, hər iki tərəfdən səslənən bəyanatlar, işğalçı Ermənistanın destruktiv mövqeyi və hazırkı geosiyasi durum təəssüf ki, nikbinliyə əsas vermir. Geosiyasi durum dedikdə, ilk növbədə Rusiyanın regional siyasətini və maraqlarını nəzərə almaq lazımdır. Kremlin Qarabağ münaqişəsinin həllində maraqlı göründüyünü söyləmək üçün əlimizdə əsas yoxdur. Moskvanın bu bölgədə, ümumən postsovet məkanında öz təsirini qoruyub saxlaması üçün etnik-ərazi konfliktlərinin, separatizmin davam etməsi bu ölkəyə lazımdır. Əks halda, yəni münaqişələrin həll olunduğu bir şəraitdə, bu respublikaların (hətta Ermənistanın belə) Moskvanın orbitindən çıxaraq Avropaya inteqrasiyası qaçılmaz olacaq. Ona görə də, düşünürəm ki, Moskva hələlik Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyəcək. Qərb isə bu məsələdə Rusiya ilə konfrontasiyaya gedərək özünə əlavə başağrısı yaratmağa həvəsli deyil".
Politoloq sonda analogiya apardı: "Azərbaycanda tez-tez belə bir haqlı sual və irad səslənir ki, Qərb niyə Ukrayna məsələsində bir cür, Qarabağ məsələsinə münasibətdə isə başqa cür mövqe tutur. İkili standart kimi görünən bu fərqli münasibət hər şeydən əvvəl Qərbin öz maraqlarından irəli gəlir. Ukrayna ilə bağlı Qərb ona görə sərt mövqe ortaya qoyur ki, bu ölkə əvvəla, Avropa İttifaqının 4 üzvü ilə həmsərhəddir və orada hər hansı qeyri-sabitlik birbaşa Avropa İttifaqına təsir edir. Ukraynadakı münaqişə və Rusiyanın bu ölkə ilə bağlı siyasəti ümumilikdə Avropada təhlükəsizliyə ciddi təhdid sayılır və bu baxımdan həm Aİ-nin, həm də ABŞ-ın maraqlarına toxunur. Bundan başqa, Donbasdakı lokal konfliktin geniş miqyaslı Rusiya-Ukrayna müharibəsinə çevrilməsi, nəticədə ABŞ-ın da bu müharibəyə hansısa şəkildə qoşulması və beləliklə, konfliktin miqyasının böyüməsi və 3-cü Dünya müharibəsinə çevrilməsi təhlükəsi mövcuddur. Qərb hadisələrin bu yöndə inkişafına yol verməmək, eyni zamanda öz mənafelərini qorumaq üçün Ukrayna məsələsində çox aktiv hərəkət edir və edəcək. Qərbin Qarabağ məsələsi ilə bağlı maraqları və problemə cəlb olunma səviyyəsi Ukraynadakı qədər deyil. Ona görə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli prosesində Rusiyanın dominantlığı hələ də qalır və Moskva münaqişənin həllində maraqlı olmadığından, bu məsələ uzanır".
Səfəri şərh edən digər politoloq Fikrət Sadıxovda hesab edir ki, bu gün də Aİ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı görünmür: "Aİ Dağlıq Qarabağ məsələsində heç hüquqa əsaslanan mövqe ortaya qoymağa hazır deyil. Aİ-nin rəsmiləri bu günə qədər konfiliktin dinc yolla həllini tapması kimi ümumi ifadələr işlədirlər. Halbuki, işğalçını öz adı ilə çağırmaq lazımdır. Bundan başqa, hazırda Aİ daha çox Ukrayna və Yunanıstan böhranı ilə vuruşur. Yəni, hazırda Aİ-dən Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı səy gözləməyək".