Türkiyənin Suruc şəhərində baş verən qanlı olaydan sonra İŞİD terror qruplaşmasının zərərsizləşdirpilməsi məqsədilə qardaş ölkə konkret addımlar atmaqdadır. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16 qırıcısı Suriya sərhədi boyunca İŞİD mövqelərini bombalayıb. "Şəhid Yalçın hərəkatı" adlandırılan əməliyyat nəticəsində İŞİD-in 2 qərargahı və 1 düşərgəsi, 35 üzvü məhv edilib.
Artıq Türkiyə İŞİD-ə qarşı müharibəyə başlayıb.
Politoloq Fikrət Sadıxov Ankaranın İŞİD-ə qarşı genişmiqyaslı müharibəyə başlayacağını zənn etmir: "Türkiyə hazırda mürəkkəb bir dövrünü yaşayır. Bir tərəfdən, daxildə hökumətin formalaşması məsələsi hələ də gündəmdə qalmaqdadır. İndiyə kimi koalisiya hökuməti formalaşmayıb. Bu da təbii ki, daxili siyasi vəziyyətə öz təsirini göstərir. Digər tərəfdən daxildə terror aktları baş verir. Çox güman ki, bunun da arxasında Türkiyənin stabilliyinə xələl gətirmək istəyən qüvvələr dayanıb. Başqa bir tərəfdən də sərhəddə Suriya kimi artıq neçə illərdir vətəndaş müharibəsinin getdiyi bölgə var. Eyni zamanda, İŞİD Türkiyə ilə sərhəddə aktivləşir. Düşünürəm ki, Türkiyə sərhədlərini qorumaq üçün əlindən gələni edəcək. Demək olar ki, Türkiyə ordusu bu istiqamətdə hərbi əməliyyatlara başlayıb. Amma Türkiyə İŞİD-ə qarşı geniş miqyaslı müharibəyə hazırkı vəziyyətdə qoşulmayacaq. Aydındır ki, Tütkiyəni buna cəlb etmək istəyən qüvvələrin sayı da az deyil. Bəzi dairələr çox istərdi ki, Türkiyənin quru qoşunları Suriya ərazisinə yeridilsin və Ankara İŞİD-ə qarşı müharibədə iştirak etsin. Amma rəsmi Ankaranın buna gedəcəyini düşünmürəm. Türkiyə sərhədlərini qorumaq naminə öz ərazisi daxilindən İŞİD-ə qarşı hansısa bir addımları atacaq. Lakin onun genişmiqyaslı əməliyyata başlayacağına inanmaq çətindir. Türkiyənin indiki vəziyyəti ona imkan verməz".
Ekspert bu qənaətdədir ki, Türkiyə ilə sərhəddə yaranan bu durum bölgəyə yaxşı heç nə vəd etmir: "Türkiyədə baş tutan seçkilərdən sonra sərhəddə belə hadisələrin baş verməsi, buradakı gərginlik, qardaş ölkə ordusunun İŞİD-ə qarşı hərəkətə keçməsi kimi olaylar bölgəyə istər-istəməz mənfi təsir edir. Bu olayın Türkiyə daxilində hökumətin formalaşmasına da pis təsiri ola bilər. Xüsusilə də kürd partiyası olam HDP da hökumət koalisiyasına iddialıdır. Digər müxalif partiyalar da yaranmış vəziyyətdən öz xeyirlərinə yararlanmağa çalışacaq. Bu da təbii ki, rəsmi Ankaranın siyasətinə birmənalı şəkildə öz neqativ təsirlərini göstərəcək".
Türkiyənin İŞİD-ə qarşı müharibəyə başlayacağı təqdirdə, Azərbaycanın ona nə kimi köməkliyi dəyə bilər sualına gəldikdə, ekspert Bakının Ankaraya siyasi, mənəvi, hərbi-texniki sahədə yardımlar edə biləcəyini istisna etmədi: "Burada genişmiqyaslı əməliyyatlar başlasa, Azərbaycan həmişə olduğu kimi yenə də Türkiyənin yanında olacaq. Ölkəmiz bunu heç zaman gizlətməyib. Amma Azərbaycan təbii ki, ona kömək etmək üçün hər hansı bir miqyaslı əməliyyata qoşula bilməz. Azərbaycanın öz problemi kifayət qədər mürəkkəbdir. Bu fonda kimlə isə əlavə bir münaqişə açmaq və orada iştirak etmək ölkəmizin maraqlarına zidd olardı. Lakin Azərbaycan Türkiyəyə bu halda digər formalarda köməklik əlini uzada bilər. Azərbaycanın qardaş dövlətə siyasi, mənəvi, hərbi-texniki və iqtisadi yardımlar formasında köməklik etməsi mümkündür. Bu istiqamətdə Azərbaycan Türkiyəyə yardım edə bilər".
Plitoloq düşünür ki, bölgədə vəziyyət Türkiyənin iştirakı ilə daha gərgin xarakter alacağı təqdirdə belə NATO münaqişəyə cəlb olunmayacaq: "Yalnız Türkiyə İŞİD-ə qarşı NATO ilə razılaşdırılan addımları atacağı təqdirdə, qurumun da prosesə cəlb olunacağını gözləmək olar. Bu əsasda NATO-dan hərbi istiqamətdə konkret yardımlar da ola bilər. Düzdür, bu təhlükəli addım olacaq, çünki, münaqişə ocağı genişlənə biər. Amma reallıq göstərir ki, NATO bir çox hallarda kənara çəkilir və onun yardımları o qədər də effektiv nəticə vermir. Sirr deyil ki, NATO-ya üzv bəzi ölkələr hətta Türkiyənin zəifləməsini istəyir. Rəsmi Ankara bütün hallarda ehtiyatla davranmalıdır. Çünki, xaricdə çoxsaylı qüvvələr var ki, Türkiyənin bu münaqişəyə cəlb olunmasında maraqlıdır".
Politoloq Qabil Hüseynli isə bu qənaətdədir ki, Türkiyə sərhədləri yaxınlığında cərəyan edən son proseslər İŞİD-in sonuna çıxmaq mənasını verir: "Türkiyə artıq İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayaraq, ona ilk zərbələrini vurmaqdadır. Müharibə əməliyyatında Türkiyənin quru qoşunları, hərbi aviasiyası da iştirak edir. Artıq "İncirlik" hava bazasından NATO koalisiya qüvvələrinin Suriyaya doğru hərəkətinə də icazə verilib. Bir sözlə, bölgədə genişçaplı koalisiya formalaşır və düşünürəm ki, bu fonda da İŞİD-in axırına çıxmalıdırlar. Azərbaycana gəldikdə, İŞİD-lə mübarizəyə qoşulan Türkiyəyə lazım gəlsə, siyasi və diplomatik sahədə dəstək göstərə bilər".