Son zamanlar cəbhə bölgəsində erməni işğalçılarının yenidən təxribata əl atmaq cəhdlərinin artdığı aydın müşahidə olunur. Xüsusən də iyulun 24-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində baş verənlər bunun növbəti təsdiqi oldu. Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir.
Belə bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə vasitəçilik edənlər də problemin həllinin yetişdiyini bildirən bəyanatlarla çıxış etməyə başlayıb. Belə ki, bu kimi bəyanatla bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış etdi. Ondan sonra anoloji fikir Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik tərəfindən də səsləndi. Görəsən, münaqişə ətrafında həm siyasi, həm də hərbi sahədə yaranmış bu vəziyyət həll prosesində hansı dəyişikliklərə gətirib çıxara bilər?
Politoloq Elşən Manafov qeyd edir: "Bu günlərdə cəbhənin Goranboy rayonunda təmas xəttində tərəflər arasında gedən şiddətli döyüşlər növbəti dəfə Azərbaycan Ordusunun hansı güc, əzəmət və qüdrətə malik olduğunu əyani şəkildə nümayiş etdirdi. Erməni tərəfi və onun bölgə ilə bağlı siyasətini dəstəkləyən dövlətlər də anlayır ki, Azərbaycan bu münaqişəni qısa zaman kəsiyində hərbi müstəvidə həll etmək iqtidarındadır. Bu halda təbii ki, onların Ermənistanla bağlı planlarında ciddi dəyişikliklərin baş verəcəyi və bölgədəki vəziyyətin İrəvan və onun siyasətini dəstəkləyən tərəflərin xeyrinə dəyişməyəcəyi təqdirdə, tərəflərin diplomatik sahədə anlaşmaları mümkündür. Məsələ ondadır ki, münaqişənin həlli zamanının yetişdiyi barədə bəyanatlarla Rusiya və Amerika tərəfi dəfələrlə çıxış ediblər. Dəfələrlə bəyan olunub ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Bir sıra hallarda hətta münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu vurğulanıb. Amma bununla bahəm, məsələnin həllilə bağlı konkret addımlar atılmayıb, qərarlar qəbul edilməyib. Fikrimcə, hələlik Rusiya, Fransa və ABŞ Qərblə Moskva arasında geosiyasi rəqabətin gücləndiyi şəraitdə, həmin rəqabətin eyni zamanda Qafqaz cəbhəsində şiddətlənməsinin marağında deyillər. Hazırda Rusiya ilə Qərb arasında qarşıdurmanın əsas cəbhəsi Ukraynadır. Hətta bu hədəf Rusiyanın neft-qaz siyasətinə qarşı "Türk axını"nın qarşısını almağa yönəlib. Amma Azərbaycan Ordusunun Ermənistana endirdiyi sarsıdıcı zərbələr fonunda tərəflər danışıqları daha impulsiv səpkiyə yönəltmək üçün təsir etməyə cəhd göstərəcəklər. Bu fonda da danışıqlar daha da intensivləşəcək. Lakin hər halda Azərbaycan tərəfinin bu döyüşlərdə əldə etdiyi uğurlar və ermənilərin ağır itkiləri göstərir ki, ölkəmizin iqtisadi tərəqqi istiqamətində, ordunun modernləşdirilməsi, silah-sursatla təmini sahəsində aparılan islahatlar doğrudur. Bu islahatlar da tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yönəldilib. Həmin siyasəti bundan sonra da israrla və məqsədyönlü şəkildə davam etdirmək gərəkdir. Belədə yaxın gələcəkdə onun səmərəsini görə bilərik. Lakin indilikdə Qərblə Rusiya arasında qarşıdurmanın başqa tərəflərini görürük. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Qərbdə bunu diqqətlə izləyir. Rusiya prezidenti yaxın perspektivdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşula biləcəyilə bağlı fikri ifadə etdi. Azərbaycan Avropaya mesaj göndərir ki, özünün iqtisadi siyasətini, həm də neft-qaz diplomatiyasının istiqamətini lazım gələrsə, Asiya tərəfə dəyişdirə bilər. Bu zaman da Azərbaycanın itirəcəyi Avropa ilə müqayisədə çox az olacaq. Avropa Birliyi uzun müddət İranı sanksiyalara məruz qoysa da, əslində heç nəyə nail olmadı. İran Avropa bazarında satacağı yanacağı ustalıqla Asiya bazarında satır. Eyni şeyi Azərbaycan da edə bilər. Sadəcə olaraq, avropalı tərəfdaşlar güman edirsə ki, Azərbaycan neft və qaz satışından əldə olunan milyardları Avropa bazarında əldə edib, onlar çox yanılırlar. Azərbaycanın neft-qaz siyasəti çoxşaxəli, çoxvektorludur. Bu baxımdan Qarabağ probleminin həlli tələb edərsə, Azərbaycan xarici siyasətindəki prioritetlərinin bəzi istiqamətlərinə yenidən baxa bilər. Azərbaycan Ordusunun gücü, ermənilərə endirdiyi sarsıdıcı zərbələr də bunu bir daha Qərbə nümayiş etdirdi. Bu fonda ola bilsin, Madrid prinsiplərinin bəzi məqamlarına Azərbaycanın xeyrinə yenidən əlavələr edilsin".
Politoloq Elşən Mustafayevin sözlərinə görə, keçən ilin avqust ayından üzü bəri cəbhə boyu atəşkəs rejiminin daha kəskin şəkildə pozulması halları onu göstərir ki, Dağlıq Qarabağ ətrafında ciddi gərginlik var: "Serj Sarkisyan hakimiyyəti də daxildəki gərginliyi sakit məcraya yönəltmək üçün atəşkəsin pozulması hallarına getməklə buna nail olmağa çalışır. Amma hər dəfə də görürük ki, ermənilər ciddi məğlubiyyətə düçar olurlar. Gədəbəy ətrafında cərəyan edən prosesdə də işğalçılar gördüyümüz kimi, geri otuzduruldular. Son zamanlar həmsədr ölkələri rəsmilərinin Qarabağla bağlı verdiyi bəyanatları isə sıradan verilən bir bəyanat kimi qəbul edirəm. Dağlıq Qarabağ probleminin həlli Minsk qrupu vasitəsilə həyata keçməyəcək. Bu qrup öz missiyasını hələ 5-6 il öncə başa vurub. Onun fəaliyyətində heç bir irəliləyiş yoxdur. Amma indiki məqamda Rusiya xarici işlər nazirinin həll zamanının yetişdiyi haqda fikir səsləndirməsinə gəldikdə, dəfələrlə vurğulanıb ki, münaqişənin həllinin açarı Rusiyadadır. Lavrovun həmin fikri hansı məqamlara əsaslanaraq səsləndirməsi, bu bəyanatın nəyə əsaslandığı çox güman yaxın zamanlarda bəlli olacaq".