AKP və CHP heyətləri arasında sonuncu görüşün avqustun 3-də Ankarada keçirilməsi gözlənilir
Türkiyədə koalisiya hökumətinin qurulması məqsədilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Cumhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən heyətlərin dördüncü görüşü keçirilib.
Görüşdə AKP heyətinə Ömər Çelik, CHP nümayəndələrinə isə Haluk Koç rəhbərlik edib.
Türkiyə mediasının məlumatına görə, Türkiyə Böyük Millət Məclisində baş tutan görüşdə Kürd Fəhlə Partiyasının (PKK) ölkədə törətdiyi qanlı aksiyalar, terrorla mübarizə tədbirlərinin vəziyyəti, həmçinin ortaq hökumətin qurulmasına dair tərəflərin mövqeləri müzakirə olunub.
Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı AKP və CHP rəhbərlərini vaxt itirmədən ortaq hökumət qurmağa, Türkiyənin milli təhlükəsizliyini təhdid edən terrora qarşı mübarizəni daha da gücləndirməyə çağırıb.
AKP və CHP heyətləri arasında sonuncu görüşün avqustun 3-də Ankarada keçirilməsi gözlənilir.