Əlaqə Arxiv
news Image
2015.08.25
10:31
| A A A
AXCP-nin «yarpaq tökümü» davam edir
Elşən Musayev: “Onlar salonlarda əyləşib Əli Kərimlinin məntiqsiz çıxışlarını dinləməkdən yorulublar, onun nağıllarına artıq inanmaq istəmirlər” Niyaməddin Orduxanlı: “Əli Kərimlidə Əbülfəz Elçibəydən qalan yalnız quru möhürdür”

Əli Kərimlinin rəhbəri olduğu AXCP onun yürütdüyü səhv siyasət üzündən üzvlərini itirməkdə davam edir. Bir müddət bundan əvvələ qədər Əli Kərimlinin müavini olub, sonra partiyadan istefa verən Razi Nurullayev artıq AXCP adına istinad edən yeni bir siyasi təşkilat yaratdı. Bu təşkilatın yaranması ilə bir çox cəbhəçilər R. Nurullayevin ətrafına toplaşaraq, Əli Kərimli ilə əlaqələrini birdəfəlik kəsmək yolunu tutdu. Hazırda cərəyan edən proseslər ondan xəbər verir ki, Əli Kərimli tərəfdarlarının sayının azalması hesabına Razi Nurullayev ətrafına toplaşanların sayı artır.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev məsələ iləbağlı bildirir: "Əli Kərimli ətrafında olub, indi ondan uzaqlaşan insanlar demək olar ki, vaxtilə öz talelərindən küsmüşdülər. Onların bu günə qədər AXCP-də qalmaları da belə heç də Əli Kərimlinin xətrinə deyildi, illərdən bəri gələn ideologiya, səmimiyyət xətrinə idi. İnsan səhv yolda ola bilər. Amma onların içində də səmimi insanlar var. Onlar vaxtilə yanlış insanların yanında olub, öz məfkurələrini düzgün formalaşdırmayıb, amma bütün hallarda Əli Kərimli kimi hiyləgər olmayıb, onun sahib olduğu pulun heç mində bir misli qədərinə sahib deyillər. Bütün hallarda onlar içində də səmimi insanlar olub ki, bu gün onlar artıq ayılıb. Onlar üçün bir ümid yaranıb ki, nəhayət illərdir, arzu etdikləri təşkilat yarana biləcək. Ümid yeri var ki, kimsə artıq onları Əli Kərimlinin monopoliyasından qurtara biləcək. Bu gün Razi Nurullayev həmin missiyanı üzərinə götürərək, ortalığa çıxıb. O, real cəbhəçiləri Əli Kərimli məngənəsindən xilas etməyə çalışır. Ona görə də Əli Kərimli dəstəsindən Razi Nurullayevə tərəf transferlər artıq labüddür. Kərimlidən bezən insanlar artıq bu reallığı dərk edirlər. Onlar artıq salonlarda əyləşib Əli Kərimlinin məntiqsiz çıxışlarını dinləməkdən yorulublar, onun nağıllarına artıq inanmaq istəmirlər. İndi Kərimlidən ayrılan və ayrılacaq insanlar çoxdan bu şəraiti gözləyirdilər, amma bu günə qədər həmin şərait yetişməmişdi. İndi yetişdiyindən, onlar Əli Kərimlidən uzaqlaşmaqda qətiyyətlidirlər. Şübhə etmirəm ki, bu fonda Əli Kərimlidən uzaqlaşmaq yolunu tutanların sayı daha da artacaq. Eyni zamanda, proses artıq bir təbii xətt üzrə gedir. Əli Kərimli ilə əlaqəni kəsmək dinamikası yuxarı istiqamətdə gedəcək. Burada söhbət heç də onların Razi Nurullayev tərəfə keçməsindən getmir. Sadəcə R. Nurullayev o missiyanı öz üzərinə götürdüyü üçün Əli Kərimlidən uzaqlaşan insanlar da o mayakın ardınca gedir. Artıq AXCP-də barmaqla sayılacaq üzvlər qalıb. Amma onların sırasında qalan səmimi üzvlər də tezliklə Nurullayev tərəfinə keçəcək. Nəticədə Əli Kərimli ancaq Fuad Qəhrəmanovla birlikdə tək-tənha qalaraq, boş-boşuna, mənasız fəaliyyət göstərməkdə davam edəcəklər".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı qeyd etdi ki, siyasi təcrübələri artdıqca Əli Kərimlini tərk edənlərin sayı da artır: "Məhrum Əbülfəz Elçibəy rəhmətə gedəndən dərhal sonra rəhbərliyin Əli Kərimlinin əlinə keçməsi ilə AXCP İdarə Heyətinin 19 nəfər üzvünün hamısı oradan istefa verdi. Bu gün həmin üzvlərdən qurumda ancaq Əli Kərimlinin özü qalıb. Əbülfəz Elçibəyin 8 müavini, müşavirləri, rayon təşkilat sədrləri, Ali Məclis üzvlərindən indi Əli Kərimlinin yanında 5 nəfər belə qalmayıb. Əli Kərimlinin yanında qalanlar ancaq təcrübəsiz gənclərdir. Gənclik isə radikal və emosional olması ilə seçilir. Əli Kərimli də bu məqamdan istifadə edərək çıxışlarını da radikallıq istiqamətində qurur. Həmin təcrübəsiz gənclər də bu təsir altına düşür və belədə müəyyən müddət Əli Kərimli ilə birgə çalışırlar. Amma zaman keçdikcə, onların siyasi təcrübəsi artdıqca, Əli Kərimlinin əsl simasını gördükdən sonra onunla bir yerdə qala bilmirlər. Bu fonda özünün ən gənc müavini Əbülfəz Qurbanlının da istefasını misal göstərmək olar. Yəni inanmıram ki, Əli Kərimlinin əsl simasını görən adam ondan sonra yolu onunla birgə davam etdirsin. Razi Nurullayev Əli Kərimlinin AXCP-nə daha sonralar gəlib. Amma artıq o da buradan ayrılıb. İndi AXCP-dən istefa verənlər son 2-3 ildə Əli Kərimlinin təsirinə düşən adamlardır. Belədə demək olar ki, artıq Əli Kərimli ətrafında adam qalmayıb. Burada özünə hörmət edən, peşəkar siyasətçi qalmayıb. Yerdə qalanlar 5-10 nəfər təcrübəsizlərdir, onlar da siyasi təcrübə topladıqdan sonra Əli Kərimlinin yanında qalmağa lüzum görməyəcəklər. Artıq sosial şəbəkələrdə Əli Kərimli gülünc obyektinə çevrilib. Hətta statuslarda paylaşırlar ki, AXCP-dən AXCP-yə keçirlər. Əli Kərimlini ciddi partiya sədri hesab etmək olmaz. Belə olmasaydı, onu bu qədər adam tərk etməzdi. Yerdə qalanların da yaxın dönəmlərdə Əli Kərimlidən uzaqlaşacağı gözləniləndir. Əli Kərimlidə Əbülfəz Elçibəydən qalan yalnız quru möhürdür".



Sizin Reklam Yeriniz