"ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salmanla dostluq münasibətlərindən istifadə edərək, bu edamın qarşısını ala bilərdi".Movqe.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan Baqir Nimr əl-Nimrin qardaşı iş adamı Məhəmməd əl-Nimr Türkiyənin "Habertürk" televiziyasına müsahibəsində deyib.
Məhəmməd əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: "Ancaq onun adminstrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar", - deyə o söyləyib.
O, qardaşının edam edilməsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb.
Məhəmməd əl-Nimr şiəllərin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: "Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik".