Əlaqə Arxiv
news Image
2016.01.09
09:30
| A A A
Vaşinqton və Moskvadan yeni Qarabağ mesajı
Natiq Miri: “Artıq dünya güclərinə də aydındır ki, prosesdə status-kvonu bundan sonra qoruyub saxlamaq mümkün olmayacaq”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bu günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib ki, Dağlıq Qarabağ regionunda gərginlik son 10 ildə ən yüksək həddə çatıb: "Təkcə son ay ərzində biz təmas xəttində ağır texnika və artilleriyadan istifadə haqda eşidirik. Bu, "dondurulmuş münaqişə" deyil. Əksinə, nəzarətdən çıxmaq riski artan unudulmuş münaqişədir. Təcavüzün istənilən təzahürü yolverilməzdir. ABŞ Prezident Administrasiyası bizim səylərimizi nə qədər çox dəstəkləsə, o qədər ölüm hallarının və müharibənin qarşısını almağa nail ola bilərik".

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilkin mərhələdə yeddi rayon Azərbaycana qaytarılmalıdır. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv mövqe tutmalıdır.

Artıq hiss olunur ki, Vaşinqtonla Moskva Qarabağ münaqişəsinin real həllinə nail olmaq üçün hansısa addımlar atmaq istəyir. Ümumiyyətlə, son bir ildə Minsk qrupu həmsədr ölkələrindən olan bu iki dövlətin konfliktin çözülməsində əvvəlki illərə nisbətən aktivliyi artırdıqları müşahidə olunur. Bu tendensiya həm də cəbhə bölgəsində gərginliyin əvvəlki illərə nisbətən daha da artdığı, hətta ağır hərbi texnika və artilleriya qurğularından intensiv şəkildə istifadə edildiyi bir dövrə təsadüf edir.

Politoloq Natiq Mirinin qənaətincə, Qarabağ probleminin həlli bütövlükdə Yaxın Şərqdə hazırda cərəyan edən hadisələrin nəticəsindən asılı olacaq: "Dağlıq Qarabağ problemi ilə bağlı artıq dünya güclərinə də birmənalı olaraq aydın olur ki, prosesdə status-kvonu bundan sonra qoruyub saxlamaq mümkün olmayacaq. Ən son nümunə olaraq bilirsiniz ki, İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu. Hansı ki, burada atəşkəsin qorunması yönündə bir çox mexanizmlərin hazırlanması, hətta cəbhə xəttində cinahların quruşdırılmasına qədər müəyyən məsələlər müzakirə olunsa və razılaşdırılsa da, görüşdən dərhal sonra və bu günə qədər də təmas xəttində intensiv atəş səsləri eşidilir. Bu, o deməkdir ki, savaşın səbəbi ortadan qaldırılmadıqca, atəşkəsi təmin etmək mümkün olmayacaq. Səbəb də bilavasitə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktorudur. Ona görə də ilk öncə işğal faktoru aradan qaldırılmalıdır.

Hətta Rusiya siyasətçiləri belə səsləndirirlər ki, ilk növbədə Dağlıq Qarabağ ətrafı işğal olunan 7 rayonun azad olunması vacibdir. Bu proses mərhələ-mərhələ həll olunmalıdır. Yoxsa, bütövlükdə Ermənistanın tələb etdiyi kimi münaqişəni birdəfəlik həll etmək mümkün deyil. Çünki ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Bu rayonlardan zorla çıxarılanlar öz doğma yurdlarına qayıtmalı və burada bütün infrastruktura bərpa olunmalıdır. Bunlar da böyük zaman tələb edən bir prosesdir.

Artıq ATƏT-in Minsk qrupu həmsədrləri də məsələni anlayırlar. Onu da anlayırlar ki, artıq Dağlıq Qarabağ problemi region üçün böyük təhlükələr vəd edir. Hər an bu cəbhədə böyük bir savaş yaşana bilər. Həmsədr ölkələr onu da anlayır ki, bu savaş yenidən baş qaldırarsa, o heç də Suriyadakı savaşdan kiçik olmayacaq. Bilirsiniz ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Bu təşkilatın nizamnaməsində göstərilir ki, Ermənistan hər hansı bir savaşa girərsə, Rusiya da birmənalı olaraq, İrəvanı müdafiə etməlidir. Başqa bir tərəfdən, Azərbaycanın strateji müttəfiqi olan qardaş Türkiyə faktoru var. Onlar arasında da qarşılıqlı yardım haqqında hərbi müqavilə imzalanıb. Eyni zamanda, Türkiyə baş naziri Azərbaycana olan son səfərində də açıq şəkildə birmənalı olaraq qeyd etdi ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində ortaya savaş çıxarsa belə, Türkiyə ordusu sonadək Bakının yanında olacaq. Bu, onu göstərir ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən başlayarsa, bu, regional savaş çərçivəsindən çıxaraq, qlobal savaş səviyyəsinə qədər böyüyə bilən yanğına çevrilə bilər. Ona görə də bu gün Qarabağ cəbhəsindəki təhlükə hətta Suriyadakı təhlükədən də artıq dərəcədə böyüyərək, qlobal bir təhlükəyə çevrilə bilər. Bu səbəbdən dünya gücləri də artıq anlayır ki, problem böyük savaşa çevrilməmiş onun həll etmə zamanı yetişib. Bunu həm ABŞ, həm Avropa Birliyi, həm də Rusiya anlayır. Ona görə də məsələ ətrafında artıq məsləhətləşmələr gedir. Təbii ki, bu cür anlayışlı mühitdə Moskva da Türkiyə ilə olan gərginliyə rəğmən, dilə gələrək Qarabağ probleminin həlli yönünə öz ağırlığını qoymaq və cari il ərzində onu həll etmək istəyir. Lakin bu problemi həlli həm də bilavasitə Yaxın Şərqdə gedən savaşın və İŞİD-ə qarşı mübarizənin nəticələrindən asılı olacaq. Bilirsiniz ki, Rusiyanın Yaxin Şərqdə müəyyən maraqları var. Çünki, postsovet məkanında, xüsusilə Ukraynada baş verən Qərb-Rusiya qarşıdurması kontekstində Moskva ona qarşı yönəlik sanksiya problemlərini həll edə bilmədi. Ona görə də Suriyaya müdaxilə etmək məcburiyyətində qaldı ki, özünün dünya gücü statusunu bərpa etdirə bilsin. Ancaq hələlik bu Rusiyaya nəsib olmayıb. Vaşinqton birmənalı olaraq Moskvaya anlatdı ki, Ukrayna heç bir vəchlə Rusiya və onun arasında bazarlıq predmeti olmayıb və olmayacaq. Bu da Moskva üçün müəyyən çətinliklər yaradır. Ona görə ya Ukraynada yaşanan savaş bitirilməli, ya da Suriyadakı müharibə başa çatdırılmalıdır. Deyərdim ki, Ukrayna və Suriyadakı savaşlar Rusiya geosiyasəti baxımından bir-birinə bağlıdır. Orada müəyyən irəliləyişlər olacaqsa, inanın ki, bu tendensiya Dağlıq Qarabağ probleminə də sirayət edəcək. Yox olmayacaqsa, düşünmürəm ki, Suriya və Ukrayna savaşı varkən, birdən-birə Dağlıq Qarabağ problemi dünya güclərinin prioritetinə çevrilsin. Yəni, həmin savaşlar kontekstində Dağlıq Qarabağ problemi öz həllini tapa bilər. Ancaq 2016-cı ildə bu problemin tamamilə həllini gözləmək doğru olmazdı. Ona görə də cari ildə problemin həllinə o qədər də optimist deyiləm. Sadəcə, buzu yerindən tərpətmək mümkün olsa və ən azından dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasına razılıq əldə olunarsa, bu, bütövlükdə problemin çözümünə böyük töhfə vermiş olar".

Sizin Reklam Yeriniz