Azərbaycan Bolqarıstan üçün yalnız enerji təhlükəsizliyi sahəsində deyil, digər sahələrdə də çox vacib ölkədir.Movqe.az AZERTAC-a istinadən bildirir ki, bu fikri Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycanın bu ölkədə səlahiyyətləri başa çatan səfiri Emil Kərimovun Bolqarıstanın birinci dərəcəli "Stara Planina" ordeni ilə təltif edilməsi mərasimində deyib.Prezident Rosen Plevneliyev Azərbaycan və Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, ölkəmizə səfərlərini xatırladıb.Bolqarıstan prezidenti Azərbaycanın son illərdə sürətli inkişafından, həmçinin ölkəmizin beynəlxalq səviyyədə keçirilən tədbirlərə ev sahibliyi etməsindən danışıb. Ötən ilin martında Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfərini xatırladan prezident Rosen Plevneliyev səfər çərçivəsində ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əlaqələrimizin yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, həmçinin Heydər Əliyev Fondu ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi arasında imzalanan "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpası və yenidən qurulması, texniki infrastrukturun bərpası və təmiri" haqqında sazişin əhəmiyyətini vurğulayıb.Prezident Rosen Plevneliyev Emil Kərimovun səfir kimi fəaliyyəti müddətində özünün ölkəmizə üç səfərini, o cümlədən baş nazir və parlament sədrinin Azərbaycana səfərlərini, eləcə də Azərbaycan prezidentinin Bolqarıstana səfərinin baş tutduğunu bildirib. O, E.Kərimovun iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə Bolqarıstanın birinci dərəcəli "Stara Planina" ordeni ilə təltif olunduğunu deyib və mükafatı ona təqdim edib.Ordenə görə minnətdarlıq edən E.Kərimov prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini bildirib, ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, son illərdə ölkələrimiz arasında əlaqələrin genişləndiyini vurğulayıb.Mərasimin sonunda Bolqarıstan prezidentinin E.Kərimovla vida görüşü keçirilib. Görüşdə prezident Rosen Plevneliyev Azərbaycan prezidenti İlham Əliyevə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edib. O, Azərbaycanın Bolqarıstan üçün vacib ölkə olduğunu bir daha vurğulayıb və Azərbaycana yenidən səfər etmək arzusunu ifadə edib. E.Kərimov ölkələrimiz arasında sıx əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.Mərasimdə Bolqarıstan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, prezidentin xarici məsələlər üzrə müşaviri, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslər, səfirlər, ölkəmizin Bolqarıstandakı səfirliyinin əməkdaşları iştirak ediblər.