Əlaqə Arxiv
news Image
2012.11.23
12:01
| A A A
Müxalifətdə "yarpaq tökümü" davam edir
Kamil Seyidov: "Qarşıdan gələn prezident seçkiləri ərəfəsi belə istefalar daha kütləvi şəkil alacaq"

Seçkilər yaxınlaşdıqca müxalifət daxili ziddiyyətlər də tədricən öz pik nöqtəsinə çatır. İctimai Palatada təmsil olunan qüvvələr arasında maraqlar kəskin şəkildə toqquşduğundan bu dairədə bir-birini qəbul etməmək indi daha geniş vüsət alıb.

Məhz bunun nəticəsidir ki, radikal müxalifəti daxili çəkişmələr bürüdüyündən günü-gündən sıraları daralır. İndinin özündə Müsavat Partiyası ilə AXCP daxilində istefalar baş qaldırıb. Belə ki, bir müddət öncə bir qrup Sumqayıt müsavatçısı partiyadan və İctimai Palatadan çıxdıqlarını bəyan etmişdilər.

Bir neçə gün əvvəl isə AXCP Sumqayıt şəhər şöbəsinin fəal üzvlərindən olan Namiq Əhmədli partiya sıralarından və İctimai Palatanın Sumqayıt şəhər regional şöbəsindən istefa verdiyini bəyan edib. Xatırladaq ki, hələ bir müddət bundan öncə AXCP-nin Sumqayıt rayon təşkilatında kəskin çaxnaşmalar müşahidə olunmuşdu. Nəticədə, bir neçə partiya fəalı "cəbhə"dən istefa verərək, təşkilatın sıralarından uzaqlaşıblar. Bu istefaların isə davamlı olması istisna edilmir. Bu kimi hadisələrin AXCP ilə yanaşı Müsavat partiyasında da baş qaldırması bütövlükdə dağıdıcı müxalifətin 2013-cü ilə elektoratsız, sosial dayaqları olmadan gedəcəklərini xəbər verir. Ümumiyyətlə, son ayların təcrübəsi göstərir ki, Müsavatla AXCP daxilində istefaların olması labüddür. Bu da hər iki təşkilata rəhbərlik edən şəxslər demokratiyadan dəm vursalar da, reallıqda partiyaları diktator düşüncələrilə idarə etməsilə bağlıdır. Digər tərəfdən, qarşıdan növbəti seçki ili gəlir. Ölkə əhalisinin böyük əksəriyyəti kimi, müxalif partiyanın sıravi təmsilçiləri də gözəl anlayırlar ki, seçkilərdə təşkilat rəhbərlərinin hər hansı cüzi uğura imza atmaları belə xülyadır. Ona görə də həmin amili nəzərə alaraq indidən təşkilatdan istefa verirlər. Həmçinin, müxalifət daxilində birliyin olmaması, bu təşkilatlara rəhbərlik edən funksionerlərin bir-birini didməsi də sıravi partiya üzvlərini bundan sonra onlarla birgə olmaqdan uzaqlaşdırır. Aydın məsələdir ki, bu istefaların ardı gələcək. Seçkilərə gedən yol daraldıqca, Müsavatla AXCP-dən uzaqlaşanların sayı da durmadan artacaq. Söz yox ki, bu kimi istefalar hər iki partiya ilə yanaşı, onların bir yerdə olduğu İctimai Palatanın da fəaliyyətinə təsir edəcək. Özü də mənfi mənada.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da İctimai Palata və orada təmsil olunan AXCP ilə Müsavatda istefaların olmasının labüd olduğunu dedi: "Müxalifətin, xüsusən də onu radikal qanadının apardığı siyasətin uğursuz olması elə onun öz daxilinə nəzər yetirdikdə açıq şəkildə bəlli olur. Burada liderlər, partiya funksionerləri arasında kompromat savaşı, bir-birilərini ləkələmək son zamanlar daha çox vüsət alıb. İctimai Palata adlanan qurum hazırda prezidentliyə namizə məsələsinin müəyyənləşdirilməsi istiqamətində ciddi ziddiyyətlərlə üz-üzədir. Bu ziddiyyətlər özünü İctimai palatanın aşağı ranqlarında da göstərir. Burada da üzvlər arasında müxtəlif ziddiyyətlər vardır. Hansı ki, həmin ziddiyyətlər sonda bəzi partiya üzvlərinin təşkilatdan istefa vermələrilə sonuclanır. Ümumiyyətlə, zəif və fəaliyyəti hiss olunmayan siyasi təşkilatlarda istefaların olması labüddür. İctimai Palata da bildiyimiz kimi, ictimaiyyətin dəstəyini qazana bilmədiyindən cəmiyyətdə özünə zərrə qədər də olsa mövqe tuta bilməyib. Bu amil isə istər-istəməz sonda həmin təşkilatda istefaların olmasına rəvac verir. Hələ qarşıdan gələn prezident seçkiləri ərəfəsi belə istefalar daha kütləvi şəkil alacaq. Bu danılmazdır".

Sizin Reklam Yeriniz