Aprel döyüşləri, onun ardınca Vyana və Sankt-Peterburq şəhərlərində keçirilən danışıqlardan sonra ermənilər yenidən atəşkəsi pozmağa başlayıblar. Bunun ardınca işğalçılar cəbhədə təxribata da əl atıblar. Belə ki, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Qeyd edək ki, aprel olayından sonra Minsk qrupu həmsədr
ölkələrinin prosesə qarışması ilə uzun müddətdir danışıqlarda
yaranan passivliyə ümumən son qoyuldu. Qısa zaman kəsiyində Vyana
və Sankt-Peterburq olmaqla tərəflər arasında iki görüş baş tutdu.
Bu görüşlərin nəticəsi olaraq da Minsk qrupu cəbhə xəttində bir
müddət atəşkəsin əldə edilməsinə nail oldu. Lakin son aylar erməni
işğalçılarının yenidən atəşkəsi pozmağa, özü də daha intensiv
şəkildə başlayıblar. Ardınca da göründüyü kimi, təxribatlara yol
verirlər. Ermənistanın təxribatlar formasında cəbəhdə vəziyyəti
gərginləşdirməyə çalışmasına görəsən səbəb nədir və bu hal
münaqişəyə nə vəd edir?
Politoloq Mais Gülalıyevin fikrincə, problemin dinc yolla həlli
beynəlxalq hüquq çərçivəsində həll prosesini nəzərdə tutduğundan bu
da Ermənistana sərf etmir. Ona görə də təxribatlar törətməklə
çalışırlar ki, danışıqlar prosesi gedər-gəlməzə qədər uzansın:
“İstənilən bir qarşıdurma əlbəttə ki, münaqişənin həllini xeyli
gecikdirir. Bu fonda konfliktin sülh yolu ilə həlli imkanları
azalır.
Ermənilər onsuz da problemin danışıqlar yolu ilə həllini qətiyyən
istəmir. Onlar dərk edir ki, danışıqlar yolu ilə münaqişənin öz
xeyirlərinə həlli mümkün deyil. Çünki dinc yolla həll problemin
beynəlxalq hüquq çərçivəsində çözülməsini tələb edir ki, beynəlxalq
hüquq da Azərbaycanın tərəfindədir. Ona görə də ermənilər nə qədər
mümkündürsə, çalışır ki, atəşkəsi pozmaqla aranı qarışdırsınlar.
Aydın məsələdir ki, onlar hər dəfə atəşkəsi pozanda Azərbaycan
tərəfi də haqlı olaraq onlara cavab verməyə məcburdur. Bu cavab isə
regionda qarşıdurmanı genişləndirə və beynəlxalq təşkilatların
diqqətini bu məsələyə yönəldə bilər. Hər dəfə də belə vəziyyətlərdə
beynəlxalq təşkilatlar mümkün olan qədər çalışır ki, atəşkəs rejimi
uzansın.
Atəşkəs rejiminin uzanması ilə danışıqlar bir tərəfdən gecikir,
eyni zamanda ermənilərin də bir o qədər əl-qolu açılır. Bu səbəbdən
də ermənilər atəşkəsi pozur, təxribatlara gedirlər ki, danışıqlar
prosesi heç bir nəticə vermədən uzansın. Belə olan halda atəşkəsin
pozulmasını arqument olaraq götürməklə Azərbaycan apreldə olduğu
kimi yenidən həmləyə keçsə, yenə də beynəlxalq təşkilatlar
yaxalarını cırmağa başlayacaqlar. Bütün hallarda Azərbaycan nə
qədər mümkündürsə, çalışır ki, qan tökülmədən məsələ beynəlxalq
hüquq çərçivəsində həllini tapsın. Amma fakt ondan ibarətdir ki,
ermənilər bunu istəmir. Zamanın uzanması ermənilərə sərf edir.
Dəfələrlə Azərbaycan Prezidenti qeyd edib ki, prosesin bu cür davam
etməsinin müəyyən həddi olmalıdır. Müəyyən zamandan sonra
danışıqlar effekt verməyəcəyi halda Azərbaycan özünün konstitusion
hüququ və beynəlxalq normalardan istifadə edərək torpaqlarını azad
etmək üçün hərbi gücdən də istifadə edə bilər. Bütün hallarda
problemin Azərbaycanın xeyrinə həll etmək imkanları də hələlik
tükənməyib və nə qədər mümkündürsə, bu imkanlardan yararlanmaq
gərəkdir. Qan tökmək ən sonuncu variant olaraq istənilən zamanda
mümkündür. Ona qədər diplomatik, hüquqi, iqtisadi və s.
variantlardan istifadə etmək lazımdır ki, problem qansız-qadasız
həlli olunsun”.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, törətdikləri
bu təxribatlar ermənilərin özlərinə qarşı çevriləcək və onlara
apreldə olduğundan daha ağır zərbə vurulacaq: “Ermənilər birinci
dəfə deyil ki, təxribat törədirlər. Budəfəki təxribatları da
erməniləri çox istəyən, onlara havadarlıq edən, qoruyan
həmsədrlərin bölgəyə səfəri ərəfəsində baş verdi. Həmçinin, Avropa
İttifaqının Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsi də bölgəyə səfər
etmişdi, o da ermənilərin bu təxribatının şahidi oldu.
Bu hal onu göstərir ki, ermənilər heç bir danışıqlara, beynəlxalq
qurumların fəaliyətinə heç bir məhəl qoymur və öz bildiklərini
etməkdə davam edirlər. Təbii ki, bu hadisələri ermənilər qondarma
«Dağlıq Qarabağ qurumu»nun adından törədir və hətta apreldə
Azərbaycanın azad etdiyi əraziləri yenidən işğal etməyə cəhdlər
edirlər. Bununla da özlərinin varlığını nəzərə çatdırmaq, nəyəsə
nail olmaq istəyirlər. Guya növbəti danışıqlar mərhələsinə hazırlıq
gedir.
Onu pozmaq məqsədilə də ermənilər belə təxribatlara gedirlər. Hərbi
cani Serj Sarkisyan həmçinin erməni cəmiyyəti qarşısında özünə haqq
qazandırmaq və siyasi hakimiyyətini qoruyub saxlamaq üçün cəbhə
xəttində bu təxribatlara gedir. Hər dəfə də onların bu təxribat
cəhdləri Ermənistan xalqına bir neçə erməni dığasının meyidini
bağışlayır. Özü də məsələ ondadır ki, ölən və yaralanan ermənilərin
heç biri Dağlıq Qarabağ sakini deyil, Ermənistan vətəndaşıdırlar.
Ermənistan vətəndaşının Azərbaycan torpağında olması, burada
ölməsilə onlar növbəti dəfə beynəlxalq təşkilatlar qarşısında
özlərini ifşa edirlər. Bunlar hamısı növbəti dəfə göstərdi ki,
Azərbaycan ayıq-sayıqdır, erməni təxribatlarının qarşısını hər an
almağa layiq və qadirdir. Bir daha onlara sübut etdik ki, budəfəki
sillə apreldə olandan daha betər olacaq və danışıqların pozulması
üzrə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Qoy, bunu
onların havadarları, həmsədrlər də bilsin.
Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə şəxsi
nümayəndəsilə görüşdə də onlara bildirdim ki, bu şəraitdə sülhə
nail olunacağını gözləyirsinizsə, səhv edirsiniz. Nə qədər ki,
düşmən ordusu bizim torpaqdadır, ərazi bütövlüyümüz təmin
olunmayıb, müharibə hər an alovlana bilər, özü də daha dəhşətli
formada. İndiki vəziyyətdə isə heç zaman dayanıqlı sülh və
qarşılıqlı etimad da olmayacaq. Nə qədər ki, problem həllini
tapmayıb ermənilər belə təxribatlara əl atmaqda davam edəcək.
Azərbaycan ordusu da onlara daha sarsıdıcı zərbələr vurmaqla
erməniləri geri oturda-oturda torpaqlarımızı işğaldan azad edəcək.
Bu, bizim son məqsədimizdir”.
Rüfət NADİROĞLU