Əlaqə Arxiv
news Image
2017.03.15
07:00
| A A A
Moskva İrəvana Qarabağ təzyiqlərini artırır
Elşən Mustafayev: “Ermənistandakı seçkidən sonra çox şey dəyişə bilər”

Ermənistanın “Aravot” qəzeti yazır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Burada ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır”. 

Qəzet Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu Aleksandr Duqinin “Lavrov planı” ən real variantdır və bu həyata keçiriləcək” sözlərini xatırladaraq, Moskvanın hərəkətə keçdiyini yazıb. 
Qeyd edək ki, hazırda Ermənistan parlament seçkilərinə hazırlaşır. Bu ərəfədə işğalçı ölkədə xüsusən də Serj Sarkisyana müxalif olan qüvvələr tərəfindən Qarabağ münaqişəsinin həllilə bağlı müxtəlif, çoxsaylı fikirlər səslənməyə başlayıb. Hətta aparıcı müxalif siyasi təşkilatları Sarkisyanla münqayisədə Qarabağ məsələsində yumşaq mövqe sərgiləməyin vacib olduğunu bəyan edibllər. Ermənistanda bu fonda həmçinin Rusiyanın Qarabağ məsələsində artıq Bakıya deyil, məhz İrəvana təzyiq etməyə başladığı barədə fikirlər də geniş yayılır. Bu barədə bir müddət əvvəl rusiyalı politoloq Oleq Kuznetsov da fikir bildirmişdi. 
Politoloq Elşən Mustafayev Ermənistanda olacaq seçkilər ərəfəsi Rusiyanın İrəvana münasibətdə təzyiq metodunu seçəcəyinə inanmır. Ancaq bununla yanaşı, ekspert onu da qeyd etdi ki, seçkilərdən sonra çox hadisələr baş verə bilər: “Ermənistanda parlament seçkiləri başa çatana qədər Dağlıq Qarabağ məsələsinin ədalətli həllilə bağlı təkliflərin olmasını gözləmək lazım deyil. Bu məsələ həssas məsələ olduğundan, habelə Ermənistanda Sarkisyan komandasının parlament seçkilərini uduza biləcəyi ehtimalının böyük olması fonunda Moskva tərəfindən Qarabağla bağlı İrəvana hər hansı bir təzyiqlər edilməsi gözlənilmir. Rusiya indiki durumda hətta istəsə belə, seçki ərəfəsi olduğundan Qarabağla bağlı İrəvana təzyiq etməz. Çünki bu fonda Sarkisyan əleyhdarları onun Qarabağ məsələsində güzəştə getdiyini iddia etməklə seçici səslərini öz tərəflərinə çəkə bilərlər. 
Digər tərəfdən, Rusiyanın Ermənistana təzyiq etməyə başladığı barədə informasiyaların gündəmə gəlməsindən Sarkisyanın özü də istifadə edib, bu kimi təzyiqlərə tab gətirəcəyi fikrini ortaya atmaqla mövqeyini gücləndirə bilər. Amma Ermənistandakı seçkidən sonra çox şey dəyişə bilər. Parlament seçkilərində müxalifət qalib gələrsə, Qarabağ probleminin həllilə bağlı onların təklif etdikləri fərqli yanaşmalar da gündəmə gələr. Lakin seçkilərə qədər kənardan Rusiya bu ölkəyə hər hansı bir təzyiq etməyəcək. Ümumiyyətlə, Rusiyanın Ermənistana bütün hallarda problemin həlli istiqamətində təsir göstərəcəyinə inanmıram. Dünyada hazırda cərayan edən qarışıqlıq fonunda Qarabağ probleminin həlli Rusiyanın maraqlarına cavab vermir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz