Əlaqə Arxiv
news Image
2017.03.16
09:40
| A A A
Ermənistan formal müstəqilliyini də itirir
Araz Aslanlı: “Ermənistan qonşu dövlətlərə ərazi iddiası irəli sürdüyünə, Azərbaycan torpaqlarını işğal etdiyinə görə, özünü regionda çıxılmaz vəziyyətə salıb”

Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya rəsmi səfərə yollanıb. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ermənistan-Rusiya münasibətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib. Erməni mediası yazır ki, bu səfərin məqsədi Sarkisyanın Kremldə "böyük qardaş" saydığı Rusiya rəhbərliyi qarşısında yeni yalvarışları, istəkləri və təvəqqelərindən ibarətdir. Qeyd olunur ki, bununla Ermənistanda Rusiyanın ağalığının güclənməsinə əlavə şərait yaradılır. Belə fikirlər də səslənir ki, yaranmış vəziyyətdə Rusiya işğal altındakı bəzi rayonların boşaldılmasını istəyir. Bu mümkündürmü? 

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin eksperti Araz Aslanlı Moskvanın İrəvandan bəzi işğal etdiyi torpaqların boşaldılmasını istəməsi təklifinin hələlik real olmadığı qənaətindədir: “Bildiyiniz kimi, Ermənistan Rusiya münasibətlərinin xarakteri bərabər hüquqlu münasibətlər deyil. Bu münasibətlərə dünyada anoloqu olmayan münasibətlər kimi baxmaq olar. Belə münasibətlər səviyyəsinin keçmiş sovet məkanında ikinci bir nümunəsi yoxdur. Ermənistan müstəqilliyinin ilk illərində yeritdiyi siyasətə, yəni qonşu dövlətlərə ərazi iddiası irəli sürdüyünə, Azərbaycan torpaqlarını işğal etdiyinə görə, özünü regionda çıxılmaz vəziyyətə salıb, regiondakı layihələrdən təcrid olunub. Belədə işğalçı ölkə özünün təhlükəsizlik problemini ancaq Rusiyanın köməyilə həll edir. Yəni, Ermənistan özü-özünə problem yaradıb və yaratdığı bu problemi də başqa şəkildə həll etməyə çalışır. Bu başqa şəkil də faktiki olaraq, Ermənistanın müstəqilliyini itirməsi ilə bağlıdır. 
Ermənistan iqtisadi, siyasi, hərbi cəhətdən Rusiyadan asılıdır. Ermənistandakı infrastrukturun əhəmiyyətli hissəsi borclar qarşılığında Moskvanın istifadəsinə verilib. Onsuz da Ermənistanın vəziyyəti ürəkaçan deyil. Amma onlar bu vəziyyəti xarici imkanlar vasitəsilə işğal yolu ilə kompensasiya edirdilər. Son zamanlar isə prosesdə dəyişiklik var. Aprel döyüşlərindən sonra Ermənistan daha heç bir məsələ ilə qürurlana bilmir. İndi yenidən çalışırlar ki, Moskvadan yeni nələrsə qoparmaq, zəmanətlər almaqla vəziyyəti yenidən kompensasiya etsinlər. Lakin aydındır ki, yeni zəmanətlər qarşılığında da Moskva İrəvandan nələri isə istəyəcək. Deməli, Ermənistan bu fonda müstəqilliyini daha da itirəcək. 
Azərbaycan bilirsiniz ki, balanslaşdırılmış xarici siyasət kursu yürüdür. Bu çərçivədə Rusiya ilə münasibətlərimiz də normaldır. 2016-cı ilin aprel döyüşlərində də gördük ki, Rusiya prosesə Ermənistanın gözlədiyi şəkildə müdaxilə etmədi. Bu da Ermənistanda müəyyən qısqanclıq, narazılıqla qarşılandı. Digər tərfdən, baxmayaraq ki, Rusiya Ermənistanla müttəfiqdir, Azərbaycana da silah satır. Azərbaycan təhlükəsizliyi üçün vacib hesab etdiyi silahların bir hissəsini məhz Rusiyadan alır. Ermənistan isə Sarkisyanın son səfəri ilə göstərməyə çalışır ki, Rusiyaya daha bir sıra məsələlərdə müəyyən güzəştlərə getməklə təhlükəsizliklə bağlı nələrisə əldə etmək istəyir. Əvvəl-axır, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistanın güzəştlərə getməklə Rusiyadan yeni-yeni nələrisə qoparmaq siyasəti isə sonu olmayan bir prosesdir. Amma təəssüf ki, Sarkisyan hələlik bu sonu olmayan proseslə gedir. Rusiyanın Ermənistandan işğal etdiyi bəzi Azərbaycan torpaqlarını boşaltmasını istəməsi kimi versiyalar mütəmadi olaraq gündəmə gətirilir. Bu versiyalara görə həmin addımın hesabına hansısa sülh variantı tətbiq olunmağa başlayacaq. Lakin bu ehtimalı ciddi saymır, zəif ehtimal kimi dəyərləndirirəm. Bunun qarşılığında Ermənistan və Azərbaycana nələrin təklif olunduğu naməlumdur. Burada Qərb və Rusiyanın maraqları kontekstində çox mürəkkəb oyunlar gedir. Mərhələli həllin  bir parçası olaraq belə təkliflərin olması normaldır. Amma mərhələli həllin bir parçası deyilsə, başqa variantlar gündəmə gətirilirsə, belə versiyaları real görmürəm”.
Rüfət NADİROĞLU  
 
 

 

Sizin Reklam Yeriniz