Əlaqə Arxiv
news Image
2013.03.18
14:48
| A A A
Əcnəbilərlə bağlanan nikahlar barədə maraqlı məqamlar üzə çıxır
Elmira Axundova: «Əsas məsələ odur ki, xaricdə yaşayan bu ailələrlə mütəmadi olaraq əlaqə saxlanılsın, onların Azərbaycanla olan bağları qopmasın» Elgün Səfərov: «Əcnəbilər xaricdən Azərbaycana gəlib, ailə həyatı qurub, vətəndaşlıq almaq istəyirlər»

Aparılan araşdırmalar göstərir ki, ötən il Azərbaycanda 78 min 480 nikah qeydə alınıb. 11 min 182 nikah isə pozulub. Hesabat dövrü ərzində 1932 nəfər xarici vətəndaşlarla nikah bağlayıb. Nigah bağlanmış şəxslər arasında İran və Türkiyə vətəndaşları üstünlük təşkil edir. Digər tərəfdən son illərin statistikası əcnəbilərlə bağlanan nigahların sayının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Bunun hansı nəticələrə gətirib çıxaracağı barədə Mövqe.az-a danışan Milli Məclisin deputatı Elmira Axundova qeyd edib: "Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xaricilərlə nikah 3 ilin, 4 ilin məsələsi deyil. Bu, əsrlər boyu davam edən bir prosesdir. Bildiyimiz kimi Azərbaycan elə bir coğrafi mövqeyə malikdir ki, buradan böyük karvanlar keçmiş, torpaqlarımız tez-tez müharibə meydanına çevrilmişdir. Qısacası hər zaman ölkəmizə xeyli sayda yadellilər təşrif buyurmuşdur. İstər monqol, istər ərəb, istərsə də rus imperiyasının hakimiyyəti dövründə qarışıq nikahlardan uşaqlar dünyaya gəlmişdir. Əgər indiki vaxta qədər bir millət kimi assimilyasiyaya uğramadan öz milli kimliyimizi, adət-ənənələrimizi, dilimizi qoruya bilmişiksə, deməli, indi də hər hansı qarışıq nikahın olması elə də ciddi problem hesab edilməməlidir".

Qeyd edək ki, araşdırmalar əsasən, azərbaycanlı qızların əcnəbilərlə nikah qurduğunu göstərir. Buna da münasibət bildirən E.Axundova qeyd edib: "İndiki nikahlara fikir versək görərik ki, bizim qızlar əsasən türklərlə ailə qururlar. Həmçinin, Avropada, Amerikada, dünyanın müxtəlif yerlərində yaşayan cənubi azərbaycanlılarla da qızlar nikaha daxil olmuşlar. Mən isə bu adamları əcnəbi hesab etmirəm, onlar bizim qanımızdan, canımızdan olan insanlardır.

O ki qaldı tamam başqa millətlərlə nikaha, əvvəldə də qeyd etdiyim kimi tarix boyunca bu nikahlar mövcud olub. Hesab edirəm ki, qloballaşan dünyada bu cür nəslin yetişməsi, gələcək zamanlarda xarici dövlətlərdə Azərbaycanın maraqlarının qorunması, lobbiçiliyin həyata keçirilməsi baxımından əhəmiyyətli hesab edilməlidir. Əsas məsələ odur ki, xaricdə yaşayan bu ailələrlə mütəmadi olaraq əlaqə saxlanılsın, onların birgə nikahdan dünyaya gələn uşaqlarına Azərbaycan torpağına və dilinə sevgi aşılansın, müxtəlif tədbirlər, proqramlar, tədris mərkəzləri vasitəsilə o insanlar əlaqələndirilsin, onların Azərbaycanla olan bağları qopmasın. Düşünürəm ki, dövlətimiz əsas diqqəti də məhz bu siyasətə yönəltməlidir".


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov əcnəbilərlə qurulan nikahlar barədə aşağıdakılar qeyd edib: "Beynəlxalq qloballaşma praktikasında, inteqrasiya çərçivəsində cəmiyyətlər və ya dövlətlər arasında nikahların bağlanması normal bir prosesdir. Bununla əlaqədar heç bir problem yoxdur. Bizdə konkret olaraq əcnəbilərlə nikahların bağlanılması heç bir demoqrafik təhlükə yaratmır. Azərbaycan digər dövlətlərlə müqayisədə demoqafik böhranı hiss etmir. Amma bəzən Azərbaycan xanımlarının əcnəbi bəylərlə boşanmaları zamanı problemlər yaranır. Bu zaman bəzən qadınların maddi cəhətdən təminatı və hüquqları müdafiə olunmur. Bizdə əcnəbilərlə nikaha daxil olan insanların say artımı qeydiyyata alınmayıb. Əksinə, xarici vətəndaşlar Azərbaycanda vətəndaşlıq almaq istəyirlər. Onlar xaricdən Azərbaycana gəlib, ailə həyatı qurub, vətəndaşlıq almaq istəyirlər".



Sizin Reklam Yeriniz