Köhnə Bakını göz önündə canlandırmaq üçün onun ağ və qara dünyasına səyahət etmək yetərlidir. Rəngsiz, boyaqsız köçürmüşdü köhnə Bakını tarixin səhifələrinə Ələkbər Rzaquliyev. Taleyinə üç dəfə sürgünlük həyatı yazılan rəssamın yaradıcılığına yansımışdı sanki bu rənglərin çalarları... Soyuq Sibir çöllərinin dondurduğu yaradıcılığı gec parlasa da, rəssamın rəngkarlıq qrafika üslubunda çəkdiyi rəsmlər ona qısa zamanda şöhrət gətirdi...Uzun illər qəlbi tanınmış rəssam olmaq üçün arzusu ilə döyünən Ələkbər Rzaquliyevin çəkdiyi rəsmlər artıq bu gün xalqın əmanətinə çevrilib...
Elə ötən gün biz də onun ağ və qara dünyasına səyahət etmək, köhnə Bakıya onun pəncərəsindən baxmaq üçün toplaşanlar sırasında idik. Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on yeddinci nəşrinin Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığına həsr etdiyi “Ələkbər Rzaquliyev” rəngkarlıq və qrafika kitabının təqdimatında. Təqdimat gecəsinə yığışmış insanların çəkisi, sanbalı da Ələkbər Rzaquliyev sənətinə verilmiş dəyərin böyük olduğundan xəbər verirdi. Əməkdar rəssam bu gün cismən aramızda olmasa da, onun qara rənginin işığına xeyli sənət və ictimaiyyət adamları toplaşmışdı.
Tədbirin aparıcısı Dilarə Səlim çıxışına dahi rəssamın həyat səhifələrini vərəqləyərək başladı. Bildirdi ki, Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllələnməyə məhkum edilir: “Sonradan ölüm hökmü səkkiz illik sürgünlə əvəzlənir. O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirəcək. Üç sürgün arasında qısamüddətli fasilələr – valideynləri ilə görüşlər, ailə qurması, övladlarının dünyaya gəlməsi - sanki növbəti məhkumluğun acısını birə-beş artırmaq məqsədi daşıyırdı. Zalım fələk onu yenidən alışdığı həyat tərzindən, sevdiyi insanlardan, arzularından, sənətindən qoparıb ölüm saçan düşərgələrin qoynuna atacaq. Həyatında soyuq Arxangelsk, tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edəcək, amma sənətkar sınmayacaq, onun ümidi üzülməyəcək, həyat eşqi sönməyəcək. Düşərgənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan ikən girən rəssam orada həyatının böyük hissəsini, ömrünün ən gözəl çağlarını, sağlamlığını itirsə də, yaşayıb-yaratmaq eşqini itirməyəcək. Əlli üç yaşında azadlığa çıxıb yenidən doğulmuş uşaq kimi həyata baş vurur. Ələkbər Rzaquliyev yaradıcılığı vətənə, doğma torpağa möhkəm tellərlə bağlı olan sənətkarlardan idi. Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan rəssam zəngin sənət yolu keçib. O, İçərişəhərdə dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərində isə Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini davam etdirmişdi. Bu təhsil ocağı sənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Fəallığı ilə seçilən, təbiətcə ünsiyyətcil Rzaquliyev tezliklə müəllim və tələbə kollektivinin hörmətini qazanmışdı. O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. Öyrəndiklərini gənc həmvətənləri ilə bölüşür, sənətdə onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların sərgilərinin təşkilində fəal iştirak edir, öz işlərini də nümayiş etdirirdi. O illərdən cəmi iki əsəri - “Azərbaycanlı qadın” və “Pəhləvanlar” rəsmləri günümüzə çatmışdır. İkisi də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu iki rəsm və bir neçə akvareldən başqa Rzaquliyevin bütün boyakarlıq işləri isə həmişəlik itirilibdir. Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravüra texnikasını dərindən mənimsəyib. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaratmışdı. Onun “Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəl panoramıdır. Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqravürləri dünyanın bir çox ölkələrində təşkil olunan qrup sərgilərdə nümayiş etdirilmişdi. Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obrazlar və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir”.
Rəssamın oğlu Aydın deyir ki, atasının rəssam olmaq arzusuna manelər hələ o bu sənətə yeni başlayarkən olub: “O zaman mənim babam axunda müraciət etmişdi ki, “bizim Ələkbər şəkillər çəkir”. Axund isə xəbərdarlıq edir ki, “ona şəkil çəkməyə icazə verməyin, Allah insanların şəklini çəkməyi qadağan edir, bu günahdır”.
Aydın Rzaquliyev atasının xatirəsinin “Xalq Əmanəti” layihəsində yer almasının onun sənətinə verilən böyük dəyər olduğunu söyləyir: “Mən Xalq Banka bu layihəsinə görə minnətdaram. Azərbaycanın rəssamlıq sənətində iz qoymuş şəxsiyyətlərin bu layihədə olması doğurdan da onlara olan böyük ehtiramdan xəbər verir”.
Tədbirdə çıxış edən digər iştirakçılar da Ələkbər Rzaquliyevin sənətindən söz açıblar. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, Ələkbətin həyatı fərqli və çətin olub: “O, Azərbaycan qrafika sənətinin ən dəyərli üzvü idi. O, şəxsiyyət, rəssam kimi bütün yüksək titullara layiq idi”deyə Fərhad Xəlilov bildirib.
Xalq rəssamı Tofiq Ağababayev də Ələkbər Rzaquliyev sənətindən söz açıb: “Ələkbər Moskvada təhsil alıb. O dövr Rusiyadada təhsil alan rəssamlar arasında bu sənəti mükəmməl mənimsəyənlərdəndir Ələkbər. Bu təhsil ocağı sənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Ancaq Ələkbərin həbsi rəssamın yaradıcılığına mane olur. Onun əsərlərinə baxanda böyük işlər yaratdığınıı görürsən. Van Qoq 13 il işləyib. O isə Van Qoqdan çox işləyib”deyib xalq rəssamı.
Xalq rəssamı Arif Hüseynov isə Ələkbərlə tanışlığından bəhs edib.Tədbir iştirakçılarına onunla bağlı keçmiş xatirələrindən danışıb: “1960-cı illərdə çalışan bir qrup gənc rəssamlar onunla tanış olduq. Onun linoqravüraları bizim üçün yenilik idi. Bu əsərlər Azərbaycan xalqının mədəniyyətini, məişətini, həyat tərzini əks etdirmək baxımından əhəmiyyətli idi. Biz gənclər bu canlı məktəbdən çox şey öyrənirdik”.
Tədbirin rəsmi hissəsi başa çatsa da, apardığımız müşahidələrimiz zamanı şahidi olduq ki, qonaqlar Ələkbər Rzaquliyevin yaratdığı rəngkarlıq və qrafika təsviri sənətinin ab-havasından çıxa bilməmişdilər. Tədbirin bədii hissəsində də onlar Ələkbər Rzaquliyevin sənətkarlıq məharətindən, onun əsasən boyasız, ağ-qara çəkdiyi rəsmlərdə ruhunda gəzdirdiyi milli duyumun əks olunduğundan danışırdılar.
Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görübdür.