Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin V siniflərində hazırda istifadə edilən, lakin TQDK-nın Ekspert Şurası tərəfindən istifadəsi məqbul hesab edilməyən dərsliklərdəki səhvləri açıqlayıb.
Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, "Azərbaycan dili"dərsliyinin forzas səhifəsində Dövlət himni və gerbi qanunun tələblərinə uyğun çap olunmayıb.
Dərsliyin məzmun xətlərinin balanslaşdırılmasında, alt-standartların təqdimatında və reallaşdırılmasında, Azərbaycan dilinin əsas xüsusiyyətlərinin məzmun xətləri üzrə əhatə olunmasında qüsurlar var. Dilin tədrisi üçün ayrılmış mövzular arasında əlaqə qurulmayıb. Şagird və müəllim də hansı sistemlə, hansı istiqamətdə dərs keçdiyini, nədən başladığını, hansı istiqamətdə dilin quruluşu barədə məlumat alacağını bilmir. Bir tədris ilində fonetikadan, leksikologiyadan, söz yaradıcılığı və morfologiyadan məlumat verilir. Lakin ümumi anlayışlarla bağlı məlumatlarda izah yoxdur. Şagird verilən məlumatı yalnız əzbərləyə bilər. Dil qaydalarının sistemində, nizamlılığında, təqdimatında qüsurlar var. Dərslik dilin ifadə imkanlarının öyrənilməsində, şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına şərait yaratmır. Təhlil göstərib ki, "Azərbaycan dili" üçün standartlarda nəzərdə tutulmuş tələblərin təkmilləşdirilməsinə ehtiyac var.
TQDK-nın rəyinə əsasən, iki "Ədəbiyyat" dərsliyindən birində psixoloq Hovard Qardnerin mütəxəssislər tərəfindən birmənalı qarşılanmayan, mübahisələr doğuran müxtəlif üsullarla dərketmə nəzəriyyəsinə istinad edilməsi 5-ci sinif üçün "Ədəbiyyat" dərsliyində ciddi qüsurların meydana çıxmasına səbəb olub. Azərbaycan təhsil sisteminə gətirilən bu nəzəriyyə şagirdlərin təlim yükünü qat-qat ağırlaşdırır. Dərsliyin məzmunu, strukturu kurrikulumun tələblərinə cavab vermir. Dərsliyin bölmələri və onun əhatə etdiyi məsələlər məzmun standartlarından kənara çıxır.
Gülər Mehdiyeva və Bahar Kərimovanın müəllifi olduqları "Həyat bilgisi" dərsliyində də Azərbaycanın Dövlət himni və gerbi qanunun tələblərinə uyğun çap olunmayıb. Dərslik komplektindəki materiallar sistemsiz verilmiş, burada çoxlu sayda nöqsanlar var. Bu nöqsanlar komplektin bütün parametrlərini əhatə etdiyinə görə onların redaktə və korrektə yolu ilə islahı qeyri-mümkündür. Komplekt fənn kurikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, onunla standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam və düzgün şəkildə formalaşdırmaq - "Həyat bilgisi" fənninin tədrisi ilə bağlı Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək mümkün deyil.
TQDK-nın Ekspert Şurasının rəyinə görə, Nüşabə Məmmədova və Aynur Bağmanlının müəllifi olduqları "Həyat bilgisi" dərslik komplekti sanki qarmaqarışıq fikirlərin montajı nəticəsində ortaya çıxıb. Komplekt fənn kurikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, bu vəsaitlərlə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam və düzgün şəkildə formalaşdırmaq - "Həyat bilgisi" fənninin tədrisi ilə bağlı Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək mümkün deyil.
"Riyaziyyat" dərsliyində 5-ci sinif kurrikulum standartlarında nəzərdə tutulmuş 34 standartdan 15-də şagird bacarıqlarının formalaşdırılması normal şəkildə əksini tapmayıb. Dərslikdə və ya Müəllim üçün metodik vasitədə ciddi qüsurlar mövcuddur. Bir çox termin və ya anlayışların adları riyaziyyatda qəbul edilməyən sözlərlə dəyişdirildiyi üçün əsl elmi mahiyyətlərini itirib.
"İngilis dili" fənni üzrə dərslik komplektində kurrikulum tələbləri əsas götürülsə də, standartların reallaşdırılmasında əlaqəlilik və məntiqi ardıcıllıq, sadədən mürəkkəbə prinsipi pozulub, inteqrativlik zəif tətbiq edilib, məzmun xətləri üzrə fəaliyyət növləri tam tətbiq edilməyib. Dərslik dinləyib-anlama, danışma, oxu və yazı məzmun xətləri üzrə standartların tətbiqinə və təlim nəticələrinin tam reallaşdırılmasına imkan vermir. Dərslikdə qrammatik material və yaradıcı, məntiqi, tənqidi təfəkkürün inkişafına yönəldilmiş tapşırıqlar çox azdır. Dərslikdə çoxlu qrammatik, üslub və dizayn səhvləri var.
Qeyd edək ki, TQDK-nın rəyinə əsasən, V siniflərin "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" dərsliyi, "Həyat bilgisi" adı iki variativ dərsliyi, "Ədəbiyyat" dərsliyinin iki variativ nəşrindən birinin orta məktəblərdə istifadəsi məqsədəuyğun sayılmayıb. Buna görə də həmin dərsliklər yenidən hazırlanmalıdır.