Prezident İlham Əliyev "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2013-cü il 19 aprel tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsində nəzərdə tutulmuş insan alveri qurbanlarının repatriasiya qaydalarını üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Fərmanla müəyyən edilsin ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.
Qanunda aşağıdakı dəyişikliklər edilib:
1. Aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:
"Maddə 14-1. Bərpa və fikirləşmə
müddəti
14-1.1. İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək,
cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə
əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün
bərpa və fikirləşmə müddəti verilir.
14-1.2. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı
təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki,
psixoloji və sosial vəziyyətinin bərpası üçün bu Qanunun 12-ci
maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən
istifadə edə bilər.
14-1.3. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxartma tətbiq edilmir.
14-1.4. Şəxsin insan alverinin qurbanı olmadığı
müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu
müddət başlandıqda isə dayandırılır.".
2. 20-ci maddə üzrə:
2.1. 20.4-cü maddədə "tövsiyələr verilir" sözlərindən sonra ",
habelə bu mümkün olduğu halda qəbul edən ölkədə ona yardım edə
biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının,
hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə
məlumatları təqdim edilir" sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 20.4-1-ci maddə əlavə edilsin:
"20.4-1. İnsan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının
fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin
qurbanına çevrilməsinin qarşısını almaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən insan alveri qurbanlarının
repatriasiya qaydaları qəbul edilir. Bu qaydalar, həmçinin insan
alverindən zərərçəkmiş uşaqların təhsil hüququndan faydalanma
imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin
olunması, ailələr və ya müvafiq qayğı göstərən qurumlar tərəfindən
onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur.";
2.3. 20.6-cı maddə ləğv edilsin.