Əlaqə Arxiv
news Image
2013.05.21
18:02
| A A A
Küçə ticarəti yenidən problemə çevrilməyə başlayır - FOTOLAR

Qalib Rəhimov : "Küçə ticarəti 5 il bundan əvvəlki kimi geniş vüsət almayıb"

Hüseyn Hüseynov: "Küçə ticarətinin yerli sakinlər üçün əsas üstünlüyü qiymətlərin daha ucuz olmasıdır"

Ziyəddin Kazımov: "Küçə ticarəti hər bir yoluxucu xəstəliyi yarada bilir"

Havaların tədricən isinməsi fonunda diqqət çəkən hallardan biri də küçə ticarətinin yenidən çoxalmağa başlamasıdır. Belə ticarət isə qanunla qadağandır və insan səhhəti üçün də müəyyən təhlükələr yaradır. Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov  Mövqe.az-a açıqlamasında bildirir ki, küçə ticarəti yox dərəcəsindədir: "Bizə rəhbərlikdən tapşırıqlar verilib. Demək olar ki, qarşısı alınıb. Ancaq insanların özlərində də qanuna hörmət hissi olmalıdır. Çünki, qanuna hörmət hissi olmayanda bunun qarşısını almaq çox çətindir. Axı polis bütün gün onların arxasınca qaça bilməz. Küçə ticarəti 5 il bundan əvvəlki kimi geniş vüsət almayıb. Amma mütəmadi işlər gedir, yəqin ki nəticəni siz də görürsünüz. Ürəkaçan nəticələr hər yerdə var.  Əsasən də, "28 may", "Nefçilər", "Xalqlar dostluğu", "İnşaatçılar" metroları ətrafında qeyri-qanuni küçə ticarəti tamamilə yığışdırılıb. Post-patrul xidməti, hər sahənin sahə müvəkkili sutka ərzində bütün küçələri gəzib, nəzarət edirlər. Ancaq küçə ticarəti ilə məşğul olan alverçilər sanki küçələrdə flaşmob edənlərə bənzəyirlər. Necə onlar bir neçə dəqiqə bir yerdə flaşmob edib gedirlər, eyni ilə də küçə ticarəti ilə məşğul olan insanlar 5-10 dəqiqə gəlib dayanırlar, hay-həşir salıb öz mallarını satırlar. Görəndə artıq polis əməkdaşları gəlmək üzrədir, o dəqiqə həmin məkanı tərk edirlər".

İqtisadçı-ekspert  Hüseyn Hüseynov isə bildirir: "Küçə ticarətinın daha geniş yayıldığı ölkələr əsasən inkişafda olan ölkələrdir. Amma inkişaf etmiş və kifayət qədər zəngin ölkələrdə də buna rast gəlmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə bu ticarətlə məşğul olan qruplar fərqlidir. Küçə ticarətinin yerli sakinlər üçün əsas üstünlüyü qiymətlərin daha ucuz olmasıdır. Lakin bu növ bazarlarda təklif olunan məhsullar daha aşağı keyfiyyətdə olur və sanitar normalara cavab vermir. İqtisadi cəhətdən bu növ ticarətlə məşğul olan insanları müqayisə etsək, qeyri-formal iqtisadiyyatın artdığını müşahidə etmək olar. Çünki bu bazarlar qeyri-qanuni fəaliyyət göstərir və dövlətə heç bir vergi ödənmir. Eyni zamanda bazarda fəaliyyət göstərən satıcıların gələcəkdə sosial müdafiə sisteminə çıxışı zəifdir və onların pensiya təminatına zəmanət verilmir.

İnkişaf etmiş ölkələrdə küçə ticarəti daha çox böyük şəhərlərin qismən zəif inkişaf etmiş ərazilərində olur və inkişafda olan ölkələrlə müqaisədə burada satıcılar və alıcıların böyük əksəriyyəti bu ölkələrdə immiqrant kimi yaşayan insanlardır". 

İqtisadçı ekspert bu sahə də ölkəmizdə olan real vəziyyətdən də danışdı: "Respublikamızda da son 10 illik dövrə nəzər salsaq, 90-cı illərlə müqayisədə küçə ticartətinin azaldığını görmək mümkündür. Qeyri-qanuni fəaliyyət göstərən küçə ticarəti yerlərində artıq daha müasir ticarət mərkəzləri yaradılıb. Ancaq bəzi regionlarda, xüsusilə turizm əhəmiyyətli bölgələrdə mövsümi olaraq küçə ticarəti qalmaqdadır. Buna tələbatın əsas səbəbi isə yay aylarında həmin regionlara turist axınının olması, istirahət mərkəzlərinə yaxın ərazilərdə fəaliyyət göstərən mağaza və dükanlarda qiymətlərin çox baha olması ilə əlaqələndirmək olar. Digər bir səbəb kimi isə ixtisassız iş axtaranların daha rahat gəlir əldə etməsi üçün kiçik maliyyə vasitəsilə gündəlik tələbat mallarının satışı ilə məşğul olmalarıdır.

Lakin onu da qeyd edim ki, qeyri-arzaq məhsullarının küçə ticarəti formasında satışında problemlər daha ciddidir. Xüsusilə meyvə-tərəvəz satışı Bakı Metropoliteni stansiyalarının çıxışlarında və avtobus dayanacaqlarının yaxınlığında olan ərazilərdə daha geniş yayılıb. Bu növ məhsulların küçədə satılması isə sanitar normaların pozulmasına səbəb olur və müxtəlif xəstəlilkər yaya bilir. Bununla Daxili İşlər Nazirliyinin əməkdaşları, İcra Hakimiyyətləri və eyni zamanda Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları məşğul olmasına baxmayaraq, mövcud problem hələ də qalmaqdadır".

Respublika Gigiyena Və Epidemilogiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Mövqe.az-a aşağıdakıları bildirib: "Qanunsuz küçə ticarəti deyərkən, əslində, hər şey bu ifadə adı altında məlum olur. Belə halda qanun kobud şəkildə pozulub. İnzibati Xətalar Məcəlləsində bildirilir ki, bu qanun pozuntularını aradan qaldırmaq üçün DİN-nin yerli polis orqanları məsuliyyət daşıyır. Bakı şəhərində küçə ticarəti demək olar aradan qalxıb. Metro giriş-çıxışlarında olan qeyri-qanuni ticarətlə ilə isə yol nəqliyyatı epidemilogiya mərkəzi məşğul olur. Ümumiyyətlə, vətəndaşların nəzərinə çatdırıram ki, küçə ticarəti hər bir yoluxucu xəstəliyi yarada bilir. Bu, çox təhlükəlidir. İnzibati rayon ərazilərində, bazarların ətrafında, əhalinin çox toplaşdığı yerlərdə küçə ticarətinə nəzarətlə əlaqədar yerli icra hakimiyyəti orqanı, hüquq mühafizə orqanı və sanitar xidməti orqanı birgə fəaliyyətini həyata kçirirlər. Hər il də bu 3 qurum bu işlə bağlı tədbirlər həyata keçirilir, monitorinqlər aparılır". 







Sizin Reklam Yeriniz