Daşınmaz əmlak bazarında baş verənlər fonunda diqqət cəlb edən məqamlardan biri də torpağın qiymətinin son dövrlərdə sürətlə artmasıdır. "MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı-ekspert Nüsrət İbrahimov torpağın qiymət artımı ilə əlaqədar Mövqe.az-a açıqlamasında bildirib: "Daşınmaz əmlak bazarında 2011-ci ildən başlanan qiymət artımı bu gün də davam edir. Sözsüz ki, bu qiymət artımı daşınmaz əmlak bazarının bir siqmenti olan torpaq bazarında öz təsirini göstərir. Digər tərəfdən, yaz ayları torpaq satışı üçün mövsüm aylar sayılır. Tikinti işləri əsasən yaz-yay aylarında aparılır. Ona görə də torpağa tələbat artıb. Tələb artanda da qiymət artımı olur. Torpağın qiymətinin artdığı zonalar şəhərin 2-ci və 4-cü zonalarıdır. 4-cü zona dedikdə şəhər ətrafı qəsəbələr, 2-ci zona dedikdə isə şəhərin tarixi mərkəzi hesab olunan 1-ci zonanın ətraf əraziləri nəzərdə tutulur. 1-ci və 4-cü zonalarda torpağın qiymətinin artım səbəbi fərdi yaşayış evlərinin tikintisində intensevliyin artması üzündəndirsə, 2-ci zonada bu sadəcə torpaq qıtlığı, biznes mərkəzlərinin, otellərin, iş yerlərinin ümumiyyətlə, qeyri-yaşayış sahələrinin tikintisi ilə bağlıdır. Bazarda qiymət artımı mart ayında başlayır və iyul ayının 20-nə kimi davam edir. Hər il biz bu qiymət artımını müşahidə edirik. Bu da mövsüm ayları ilə əlaqədardır. Torpaq bazarında aprel ayında 3,05 %, ilin əvvəlində isə 5, 49% qiymət artımı müşahidə olunub. Bu gün şəhər üzrə bir sotun qiyməti 19 min 606 ABŞ dolları təşkil edir".
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə isə qeyd edir: "Torpaq tükənən sərvətdir. Bu baxımdan da torpağın qiyməti artıma doğru gedir. Ümumiyyətlə, bazarın digər seqmentlərində də müşahidə olunan artımlar torpaq bazarına da təsirsiz ötüşə bilməzdi. Məhz bu səbəblərdən də qiymət artımı müşahidə edilir. Torpağın qiymətindəki əsas artım 4-cü zonanın üzərinə düşür. 4-cü zonada torpaq alqı-satqısı intensevlik təşkil edir. 1-ci zonada isə torpaq artıq tükənmək üzrədir, satışda olan torpaq sahələri azlıq təşkil edir. 4-cü zona dedikdə paytaxtdan kənar ərazilər nəzərdə tutulur. Bazarda baş verən aktivlik, həmçinin mövsüm uyğunluğu, tikintidə baş verən canlanma torpağın qiymət artımına səbəb olub. Torpağın qiymət artımında mövsümü amillər də əsas faktordur. Qiymət artımının nə vaxta kimi davam etməsini demək mümkün deyil. Bu insanların maliyyə tələbatları ilə birbaşa əlaqəli məsələdir. Nə qədər ki, bazarda canlanma var, bu, torpağın qiymətinin qalxmasına təsir edir. Ancaq böhran və ya iqtisadi tənəzzül baş verərsə, o zaman torpağın qiyməti aşağı düşə bilər. Hələlik bizdə elə bir hallar müşahidə olunmur. Ona görə də torpağın qiymətinin aşağı düşməsi qeyri-real görsənir. Onu da qeyd edim ki, apardığımız araşdırmalar nəticəsində qış aylarında qiymətlərin düşməsini demək olmasa da, stabil qalacağını, artıma meyilli olmayacağını deyə bilərik".
R. Talıbzadə son aya aid torpağın qiymət artımını da açıqladı: "Son ayda birinci və ikinci zonada torpağın qiymətinin 1,3 % artdığı müşahidə olunubdur. 1-ci və 2-ci zona dedikdə, paytaxın mərkəz və ətraf əraziləri nəzərdə tutulur. Bu da həmin ərazilərdə torpağın məhdud olması, mərkəzərazilərdə torpağın kvadrat metrlə satışı ilə əlaqədardır".