Movqe.Az xəbər verir ki, bu gün səhər saatlarından paytaxtın mərkəzi küçələrində tıxac yaranıb. Əslində tıxac problemi paytaxtın köhnə dərdidir. Qurulan yeni körpülər, genişləndirilən yollar, müasirləşdirilən işıqforlar bu problemi hələ də həll edə bilməyib. Sürücülərin saatlarla ilişib qaldıqları tıxac Azadlıq prospekti və "28 May" metrostansiyasının ətraf küçələrində hərəkəti iflic vəziyyətinə salıb. Əslində Azadlıq prospekti belə tıxacları hər an yaşayan paytaxt küçələrindən biridir. Bu küçə ilə hərəkət edən marşrut sürücülərinin dediyinə görə tıxaclar daha çox axşam saat 6-dan sonra olur: "Camaatın işdən çıxan vaxtı, saat 6-da tıxaclar başlayır. Bir də gecə saat 11-də belə "probka"lar olur."
Belə hallarda köməyə yetişməyə borclu olan yol polisinin hərəkəti necə idarə etməsinə gəldikdə isə marşrut sürücülər bundan da narazı olduqlarını bildirirlər: "Polis tıxacın olmaması üçün lazımdı. "Probka" yaranandan sonra gəlir və yolu açır. Kəsişən yolda həmişə problem olur. Polis yolun birini açır uzun müddət ancaq o yolla gedir. Bu da bizə sərf eləmir. Biz vaxtla işləyən adamlarıq. Bir də baxırsan ki, arxa maşın gəlib sənə çatıb."
Şəhərin mərkəzində yaşanan belə biabırçı vəziyyətlə bağlı rəsmi dairələrin də fikirlərini öyrənməyə çalışdıq. Amma müəyyən səbəblərdən rəsmilərin mövqeyini öyrənə bilmədik.
Məsələ Movqe.Az-ın gündəmindədir. Gün ərzində mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.
Tural QABİLOĞLU