Bu, o vaxta təsadüf edir ki, 4 icra başçısı, bir neçə icra nümayəndəsi də daxil olmaqla korrupsiya, dövlət vəsaitini mənimsəmək, əhaliyə ayrılan yardımların talan edilməsi faktlarına görə həbs edilib.
16 il əvvəldən başlamış dəyişikliklər yeli sonralar analoji “güclü küləklər”lə müşayiət olunub və indi artıq kulminasiya dövrünü yaşayır. Koronavirusun yayılmağa başlaması və sonradan pandemiyaya keçməsi cəmiyyətdə səfərbərliyə və hökumət tərəfindən mütəşəkkil tədbirlərin həyata keçirilməsinə təsir göstərib. Nəticədə, yaranmış fövqəladə vəziyyət cəmiyyətin əyər-əskiyinin ortaya çıxmasına səbəb olub. Bu isə öz növbəsində qanunçuluğun möhkəmlənməsini, korrupsiyaya qarşı mübarizənin sərtləşməsini zərurətə çevirib. Baş prokuror postuna yeni şəxsin gətirilməsi də bu zərurətdən doğan məntiqi ardıcıllıqdır. İslahatlar tendensiyasının bu sahəyə nüfuz etməsi ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. Çünki bundan əvvəl Prezidentin yeni köməkçisi Anar Ələkbərov və komandanın digər yeni üzvləri müasir dünyagörüşü ilə işə başlamış kadrlardır. Dövlət başçısı bu adamları uzun illər idarəetmə işində çalışan kadrların içərisindən məhz köhnə zərərli vərdişlərdən uzaq olduqlarına görə seçib. Təbii ki, gənc, işgüzar və saf kadrların fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən dəstəklənməlidir. Yəni, bütün bu kadr yerdəyişmələri və tamamilə yeni simaların rəhbər vəzifələrə irəli çəkilməsi islahatların xarakterindən və qarşıya qoyulan məqsədlərin mahiyyətindən doğur.
İndi ölkənin yeni baş prokuroru məlumdur. Prezident videogörüş zamanı onun qarşısında konkret vəzifələr qoydu: “İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.
Heç şübhəsiz, postpandemiya dövrünün ən çox dönüş olacaq sahələrindən biri bu istiqamətdə olacaq. Çünki cəmiyyətimiz bu sarıdan baş verən pozuntulara qarşı ciddi reaksiya verir və ölkə rəhbərliyinin güclü siyasi iradəsi bu işi stimullaşdırır. Demək, korrupsiyaya qarşı mübarizə kulminasiya nöqtəsinə yüksəlir və inkişafımızın mahiyyətinə daha bir “korrupsiyasız ölkə” anlayışının daxil olması qaçılmazdır. Bu, çox fərəhləndirici inamdır.
N.NOVRUZ