İsti aylarda dondurma və sərinləşdirici içkilərin satış mövsümü başlayır. Bu mövsümdə yaşından asılı olmayaraq, böyük əksəriyyət həmin məhsullardan istifadə edir. Lakin bu məhsulların bəzilərinin keyfiyyəti də ciddi mübahisəpredmeti olaraq qalır. Elə indinin özündə də bu sahədə müəyyən şikayətlər səslənməkdədir. Bu isə o deməkdir ki, dondurma və sərinləşdirici içkilər məsələsində keyfiyyətin aşağı olması hələ də problem olaraq qalır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sərinləşdirici işkilərin qablaşdırılması sahəsində çoxsaylı problemlərin olduğunu bildirdi: "Sərinləşdirici işkilərin 40-50 faizi keyfiyyətsiz plastik qablara doldurulur. Bu qablar da əsasən çirkli olur. Hazırda Azərbaycan bazarında olan 30 adda sərinləşdirici içkinin azı 5-nin saxta variantı var. İstehlakçılar hər il eyni problemlə üzləşir. Sərinləşdirici içki və dondurmaların yararlıq müddətinə diqqət yetirmək vacibdir. Müddəti keçən məhsulların satılması cinayətdir. Saxta variantlar üzərində yararlılıq əsasən qara qələmlə yazılır. İsti havada, açıq yerdə saxlanılan içkilərin tərkibində kimyəvi reaksiyalar sürətlə gedir. Zəhərlənmələr də bundan baş verir. Yay aylarında hər gün bu məsələ ilə bağlı azı 3-4 zəng qəbul edirik. Sahibkarlar dondurmaların yağlılığını artırmaq üçün kərə yağı əvəzinə marqarin yağı qarışdırırlar. Dondurma təmiz süd məhsuludur, o qaymaq dadı verməlidir. Ancaq boğazda acılıq verir. Saxlama müddəti 20 gündən artıq olmamalıdır, amma satılan dondurmalarda bu müddət 3 aylıq olaraq göstərilir. Dondurmadan ürəkbulanmalar da baş verir, ona görə də insanlar həmin məhsulla bağlı narazılıqlarını ifadə edirlər. Hazırda Azad İstehlakçılar Birliyi Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi nişanını müəyyən etmək üçün dondurma zavodlarında iş aparır. Müasir tələblərə cavab verərək, təhlükəsiz dondurmalar istehsal edən müəssisələrə Azərbaycan istehlakçısının qida təhlükəsizliyi nişanını təqdim edəcəyik. Düşünürəm ki, bu addımı atmaqla həmin sahədə hökm sürən problemi xeyli dərəcədə aradan qaldıra biləcəyik. Prosesə daim nəzarət edərək müəssisələrdə monitorinqlər aparacağıq. Sərin sularla bağlı monitorinqi isə aparmışıq. Nəticədə keyfiyyətə layiq görülə biləcək bu sahədə ixtisaslaşan müəssisə aşkarlanmayıb. Dondurmanın tərkibi də dəqiq yazılmalıdır. Orada istehlakçı şirkətin ünvanı, telefonu göstərilməlidir. Satışda dondurma 1 həftədən çox qala bilməz. Ona görə də istehlakçılara ümumiyyətlə, belə malları almağı tövsiyyə etmirəm. Sərin sular isti havada Günəş altında saxlanılmamalıdır. Amma buna da əsasən əməl etmirlər. Limonadların istifadə müddəti 30 gündür. Dondurmalar həm də bakterioloji çirklənməyə məruz qalır. Dondurma 4-5 dərəcə temperaturda dondurulursa, mikroblar onun tərkibində özünə yer alırlar".