Paytaxtımızda artıq ənənəvi problemə çevrilən bir məsələ, avtobus dayanacaqlarının digər minik maşınları, əsasən də taksilər tərəfindən zəbt olunmasıdır. Dəfələrlə bu haqda yazılmasına, gündəmə gətirilməsinə baxmayaraq, hələ də mövcud vəziyyət dəyişməz olaraq qalır. Dayanacaqlarda saxlanılan digər maşınlara görə avtobus sürücüləri ictimai nəqliyyatı dayanacaqda yox, bəzən yolun ortasında saxlamağa məcbur olur ki, bu da əlavə problemlərə səbəb olur. Bir tərəfdən bu, tıxacların yaranmasında da müəyyən rol oynayır.
Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yaşanan problemin səbəblərini Mövqe.az saytına verdiyi açıqlamada şərh edib. Ekspert ilk növbədə dayanacaqlarda avtobuslar üçün xüsusi nişanın qoyulmamasını problemin əsas səbəbi kimi göstərib: "Əgər o nişan olsa, balaca uşaq da bilər ki, bu yer avtobus üçün nəzərdə tutulub. Bu gün dayanacaqlarda hər cür şərait yaradılıb ki, vətəndaşlar üçün rahat olsun. Lakin çox da xərc tələb etməyən nişanları qoymağa heş kim önəm vermir. Bu cür yanaşmanın nəticəsində də sözügedən problem yaşanır".
Ərşad Hüseynov hesab edir ki, problemə son qoyulmamasına ikinci səbəb qaydaları pozan şəxslərin qanunvericilikdə nəzərdə tutulan qaydalarla cəzalandırılmamasıdır: "Halbuki, bunun üçün hər cür şərait və imkan var. Bu gün demək olar ki, bütün dayanacaqların ya yanında, ya yaxınlığında müşahidə kamerası var. Burdan müəyyən etmək olar ki, kim, hansı nömrəli maşının sahibi gətirib maşını avtobus dayanacağında saxlayıb. Onu müəyyən edəndən sonra, İnzibati Xətalar Məcəlləsinin 58-1.2 maddəsi ilə 40 manat cərimə tələb olunmalıdır. Əgər bu tətbiq olunmursa, problemə birdəfəlik son qoyulmaması təbiidir. Əgər şəxs bir dəfə cərimə ödəməli olsa, ikinci dəfə heç vaxt avtomobilini gətirib avtobus dayanacağında saxlamaz".