Əlaqə Arxiv
news Image
2014.05.30
08:28
| A A A
İran və Rusiya Xəzərin düşməninə çevrilir
Rasim Səftərzadə: “Xəzərin İran sahil ərazilərində təmizləyici qurğu və kanalizasiya sistemlərinin olmaması üzündən bu ölkə dənizin çirklənməsində daha böyük rol oynayır” İlham Şaban: “Sənaye tullantıları ilə əlaqədar faktdır ki, Xəzər dənizini ən çox çirkləndirən məhz Volqa çayıdır”

İranın Ətraf Mühitin Mühafizə İdarəsinin sədr müavini Pərvin Fərşçi Xəzərin çirklənməsində yenidən digər sahilyanı ölkələri ittiahm edib. Onun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Türkmənistan neft-qaz hasilatı ilə Xəzəri çirkləndirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səftərzadə isə məsələ ilə bağlı qəzetmizə açıqlamasında bildirdi ki, Xəzər dənizini ən az Türkmənistan çirklənidirir: "Ona görə ki, Türkmənistanın sahil zolağında demək olar, əhali məskunlaşmayıb. İkincisi də, Türkmənistan neft istehsalı sahəsində ən az fəaliyyət göstərən Xəzəryanı ölkədir. Amma bu gün Xəzər dənizini 5 sahilyanı ölkədən ən çox hansının çirkləndirməsini heç kəs deyə bilməz. Çünki, məsələ heç vaxt bu aspektdən qoyulmur. Sadəcə, sahil zolağınıdan Xəzər dənizinə daxil olan çirkləndiricilərin miqdarı nöqteyi-nəzərdən monitorinq aparılır. Sözsüz ki, bu çirkləndiricilər də Rusiyadan daha çox gəlir. Çünki, Volqa çayı Xəzərə tökülən çayların balansının 80%-ni təşkil edir. Onun da hövzəsində kifayət qədər insan məskunlaşması ilə yanaşı, sənaye müəssisələri də mövcuddur. Çirklənmə, həm də sahil zolağında yaşayan insanların sayı ilə bilavasitə bağlıdır".

Şöbə müdiri onu da bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada neft aztullantılı və tullantısız qabaqcıl texnologiyalar və müasir idarəetmə sistemləri tətbiq edilməklə hasil olunur: "Bu da ətraf mühitə təsiri minimuma endirməyə imkan verir. Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə, xüsusilə sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasıdır. Bu, onu göstərir ki, Azərbaycan heç cür əsas çirklənmə mənbəyi ola bilməz. Xəzərin qurudan çirklənməsinin real göstəricisi isə dənizin sahil zolağında məskunlaşan əhalinin sayı ilə bağlıdır. İranın Xəzər sahil zolağında yaşayan əhalisinin sayının bütün digər Xəzəryanı ölkələrin sahil hissəsində yaşayan əhalinin ümumi sayından artıq olduğunu nəzərə alsaq, qurudan çirklənmədə elə İranın payının Azərbaycandan daha çox olduğunu söyləyə bilərik. Belə ki, Xəzərin İran sahil ərazilərində təmizləyici qurğu və kanalizasiya sistemlərinin olmaması və bu ərazilərdə əsasən kənd təsərrüfatı ilə məşğul olunduğundan külli-miqdarda kanalizasiya suları, kimyəvi gübrə, o cümlədən pestisidlərdən istifadə olunması Xəzər dənizinin çirklənməsində daha böyük rol oynayır".

Rasim Səftərzadə onu əlavə etdi ki, Azərbaycanda ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin ətraf mühitin qorunması məsələlərinə böyük diqqət göstərilir: "Son illər ərzində Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular quraşdırılaraq "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb. Düşünürük ki, İranın digər Xəzəryanı dövlətlərə qarşı ittihamlar irəli sürmək əvəzinə, həmin ölkələrlə birgə Xəzərin ətraf mühiti və bioloji resurslarının mühafizəsi istiqamətində fəaliyyəti genişləndirməsi daha məqsədəmüvafiq olardı".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, bunu ən düzgün monitorinq əsasında demək mümkündür: "Monitorinq sonuncu dəfə 2010 – cu ildə keçirilib. Nəticələr də açıqlanmır. Çirklənmə əsasən qlobal sızmalarla əlaqədar olur. Ancaq hələ ki, çirklənmənin hansı sektorda az, hansında daha çox olması barədə monitorinq aprılmayıb. Ona görə də indi hansısa ölkənin başqalarını ittiham etməsi özünüreklamdan başqa bir şey deyil. Əgər internetdə yayılan məlumatlara əsaslansaq, Türkmənistan şelfində kifayət qədər Xəzərin çirkləndirilməsinə dair real faktlar var. Çünki, Sovet dönəmindən indiyə qədər onun dayaz hissəsində olan köhnə quyular, qurğular Xəzərin çirkləndirilməsi üçün bir mənbədir. Əgər Azərbaycan ilə müqayisə etsək, Azərbaycanda 2006 - cı ildən indiyə qədər ekologiyaya təqribən 1 milyard manatdan çox investisiya qoyulub. Xəzərə axıdılan çirkab və neft - lay sularının qarşısının alınması istiqamətində nə qədər işlərin görüldüyü göz qabağındadır. Düzdür, Azərbaycanda neft hasilatının 95%-dən çoxu dənizdədir. Ancaq Azərbaycanda qlobal dərəcədə dənizin çirkləndirilməsi qeydə alınmır. Əvvəllər köhnə qurğularla bağlı neft daşları ətrafına olurdu. Ancaq onun qarşısının alınması üçün artıq böyük işlər görülüb. Təbii ki, sənaye tullantıları ilə əlaqədar faktdır ki, Xəzər dənizini ən çox çirkləndirən məhz Volqa çayıdır. Hətta bunu heç Rusiyanın özü danmır".

Sizin Reklam Yeriniz