Son illər gənclər arasında texniki elm sahələrinə maraq get-gedə azalmaqdadır. Halbuki, texnologiya dövrü hesab olunan 21-ci əsrdə inkişaf prosesində məhz texniki elmlər xüsusi rol oynayır. O da qeyd edilməlidir ki, Azərbaycanda texniki universitetlərin məzunları da bir çox hallarda yüksək ixtisaslı mütəxəssis tələblərinə cavab vermir.
Təhsil üzrə ekspert Məlahət Mürşüdlü bunu ilk növbədə orta məktəblərdə fənlər üzrə tədrisin vəziyyəti ilə bağlayır. O, Movqe.az-a açıqlamasında bildirib ki, texniki elmlərə marağın az olması əsas təhsilin keyfiyyəti ilə bağlıdır: "Nəzərə alanda ki, bu gün texnologiya, inkişaf dövrüdür, ona görə də yüksək tələblər var. Bizim məzunlar isə bu tələblərə hazır deyillər. Hazırlıq ilk olaraq məktəbdən başlamalıdır. Hazırlıq mərhələsini orta məktəbdən keçməyən, bu fənlərin nəzəri biliklərini öyrənməyən, onun praktiki əhəmiyyətini başa düşməyən şagirdlər təbii ki, texniki sahəyə meyl etməyəcəklər. Bu gün az sayda şagird texniki sahəyə yönəlir ki, onla da bir çox hallarda, ya öz hesablarına, ya da dövlət hesabına xaici universitetlərə üz tuturlar. Bizdə texniki universitetin məzunları isə, əksər hallarda işləmək üçün başqa sahələrə üz tuturlar. Çünki universitetlərimizdə peşələrin təkcə nəzəri hissəsi öyrədilir. Praktiki olaraq ixtisas yetərincə yaxşı tədris olunmur. Beləliklə, məzunun bu sahədə işləmək motivasiyası da olmur".
Ekspert bildirir ki, uşaqlarda texniki fənlərə maraq lap kiçik yaşlardan, ailədən başlayaraq həyata keçirilməlidir: "Çünki uşağın formalaşması, marağının bünövrəsi ailədə qoyulur. Çox təəssüflər olsun ki, bizdə ailələrdə də bu istiqamətdə işlər aparılmır. Və bu orta məktəblərdə də davam etdirilmir. Düşünürəm ki, müxtəlif sərgilərin, məxsusi olaraq bu sahədə olimpiadaların təşkil edilməsi, bundan əlavə dərsliklərin məzmununun da bugünkü tələblərə cavab verəcək səviyyədə hazırlanması və s. bu ixtisasın əhəmiyyətini uşaqlara başa salacaq. Çünki nəzərə almaq lazımdır ki, hətta humanitar fənlərin kökü belə texniki fənlərlə qurulur".