"2012-ci buraxılış ilində ali təhsil
ixtisasları üzrə 33 min 891 ədəd, orta ixtisas üzrə isə 15 min 217
ədəd, 2013-cü ildə isə ali ixtisas üzrə 35 min 108 ədəd, orta
ixtisas üzrə 11 min 753 ədəd diplom haqda məlumatlar elektron
hökumət portalına yerləşdirilib".
Movqe.az xəbər verir ki, bu barədə bu gün Məlumat Hesablama
Mərkəzinin keçirdiyi brifinqdə Təhsil Nazirliyinin Statistika və
Proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov diplomların
məlumat bazası ilə bağlı açıqlamasında məlumat verib. Nazirlik
rəsmisi bildirib ki, hazırda ötən ilin buraxılış diplomlarının
elektronlaşdırılması istiqamətində işlər aparılır: " Hazırda
əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla diplomların
vahid elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar
elektron formada olacaq".
"Diplomların elektron formasına baxmaq üçün axtarış bölməsinə şəxsin adının, soyadının və ata adının baş hərfini, həmçinin diplom işinin nömrəsini qeyd etmək lazımdır. Amma bəzən təhsil müəssisələrindən bizə daxil olan blanklarda texniki yanlışlıqlar olur və bu faktları dəqiqləşdirmək vaxtımızı alır. Bu səbəbdən bu istiqamətdə fəaliyyətlərimiz ləngiyir. Belə yanlışlıqlar baş verməsin deyə diplomlar haqqında informasiya sistemi hazırlanır. Təhsil Nazirliyi üçün elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama sisteminin hazırlanması üzrə işlər davam etdirilir. Hesab edirəm ki, bu sistemin fəaliyyəti diplomların saxtalaşdırılmasının qarşısını alacaq. Bu sistem işə düşdükdən sonra, ali təhsil müəssisələri bir məzun barədə belə artıq, yaxud əskik məlumat verə bilməyəcək. Məlumat təsdiqləndikdən sonra onlar da sistemdən istifadə edəcək ki, bu da hər hansı yalnışlığın baş verməsini əngəlləyəcək".