Azərbaycan bazaralıran genetik modifikasiya olunmuş (GMO) məhsulların gətirilməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilməkdədir. Artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən genetikmodifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetikmodifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb. Belə ki, yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalındagenetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcud sənədlərə dəyişikliklər edilir.
Bu arada xatırladaq ki, əksər xarici ölkələrdə istehsal olunan məhsulların üzərində onun tərkibinin əks olunduğu yarlıqların olması vacib şərtlərdəndir. Belə bir təcrübənin olması ən azından alıcıya seçim imkanı verir və o, aldığı məhsulun hansı tərkibdən ibarət olduğunu bilir. Azərbaycanda da belə təcrübənin tətbiqinə ehtiyac var.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, Azərbaycanda gətirilən və ya istehsal edilən məhsulun, o cümlədən genetik modifikasiya olunmuş məhsulların tərkibinin göstərilməsi qaydaları yeyinti məhsulları haqqında qaydalara uyğun olaraq tənzimlənir: "Həmin qanuna görə burada məhsulun istehsalçısı haqqında məlumatlardan tutmuş, onun tərkibinə qatılan maddələr, onun GMO məhsulu olub-olmadığı barədə məlumatlar da yer almalıdır. Bunlara əməl edilməsi çox vacib şərtdir. İlk dövrlərdə məhsulun istehsalçısı, tərkibinin göstərilməsi kimi qaydalara riayət olunurdu. Amma hazırda təəssüf ki, bu qaydalara əməl edilmir. Əslində isə, əməl edilməlidir. Məhsul haqqında məlumatlar milli dildə verilməli və tərkibi də açılmalıdır. Onu da qeyd edim ki, təkcə GMO məhsulları ilə bağlı deyil, istənilən digər məhsullar barədə də hazırda sözügedən qaydalar istənilən səviyyədə işləmir. Onun işləməsi üçün düşünürəm ki, prosesə müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarət olmalıdır".
İqtisadçı-ekspert Rəşad Həsənov bu istiqamətdə son illər Azərbaycanda da müəyyən addımların atıldığını dedi: "GMO məhsulları ilə bağlı məsələ hazırda dünyada ən çox müzakirə olunan problemlərdən biridir. Ümumiyyətlə, GMO məhsulları son dövrlər daha geniş yayılıb. Bu da xüsusilə onunla bağlıdır ki, dünya əhalisinin sayının artımı və istehsal prosesi, xüsusilə də ərzaq məhsullarının istehsalı bir-birilə uzlaşmır. Əhali artır, buna uyğun tələbat da çoxalır, bunun müqabilində istehsal həcmini o dərəcədə artırmaq mümkün olmadığından, GMO məhsullarının yaradılması üsullarından istifadə edilir. Əvvəlki illərdə belə məhsullardan istifadə dünya tərəfindən qəti şəkildə mənfi hal kimi qəbul olunurdu. Sonradan BMT-nin də təşəbbüsü ilə GMO məhsul istehsalına da müəyyən qədər şərait yaradıldı. Bu da dünyada aclığın qarşısını almaq məqsədi daşıyırdı. Əvvəllər insanların orqanik qidalanması prioritet hesab edilirdisə, son zamanlar prioritet olan məsələ artıq sadəcə qidalanmadır. Təbii ki, GMO-nun da öz standartları formalaşdırılır. Standarta görə, məhsulların göstəricisinin qablaşmalar üzərində qeyd edilməsi artıq vacib hesab edilir. Bu halda insanlara seçim imkanı verilir və o artıq hansı məhsulu aldığını bilir, yəni, əvvəlcədən xəbərdar olunur. Ölkəmizdə də son illər bu istiqamətdə müəyyən addımlar atılıb. Bəzi yerli istehsal olan məhsullar üzərində geni modifikasiya olunmamış məhsul olduğu barədə nişanların vurulduğunu müşahidə edirik. Bu nişanların nə dərəcədə həqiqəti əks etdirdiyini demək çətindir. Son məlumatlara görə ölkəyə daxil olan məhsulların bir çoxu gömrük məntəqələrində buna bənzər yoxlamalardan keçir. Lakin prosedurun daimliyini təmin edə bilmədiyimiz üçün bir çox hallarda ekspertizaya verilən məhsullarla bazara daxil olan məhsul arasında fərqliliklər ortaya çıxdığı müşahidə olunur. Bunun qarşısını almaq üçün rəsmi qurumlar səylərini daha da gücləndirməli, eyni zamanda, qanunvericilik bazası təkmilləşdirilməlidir. Məhsul üzərində CMO olub-olmaması haqqında məlumatın qeyd olunması mütləq tələb olaraq istehsalçılar qarşısında qoyulmalıdır ki, vətəndaşa seçim imkanı verilsin və o, öncədən xəbərdar olsun".