Xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub
Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, məqsəd xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsidir.
Əmrə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək Xüsusi təhsil şöbəsi adlandırılacaq.
Həmçinin, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilmələcək. Eyni zamanda, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.
Bundan başqa, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevaya tapşırılıb ki, 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.
Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.