Əlaqə Arxiv
news Image
2015.07.30
16:00
| A A A
Vaxtından əvvəl I sinfə qəbul üçün keçirilən müsahibədə 871 nəfər məqbul cavab alıb

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr davam etdirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir.Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir: "Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbə hazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib".

İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində sms şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlar I sinfə müsahibədən kənar qəbul olurlar.

Sizin Reklam Yeriniz