Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. Bu barədə Movqe.az-a "Azəryolservis" ASC -nin mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb. Əsaslı şəkildə yenidənqurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7.5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10.5 metr təşkil edir.
Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri demək olar ki, tam icra olunub. Cəmi 8 min kvadrat metr ərazinin asfaltlanması qalıb ki, bu işlər də yaxın günlərdə yekunlaşdırılacaq.
Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min paqon-metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-i artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib.
Bundan başqa Muğanlı-Yevlax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli, biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən layihənin bu günə olan fiziki tərəqqisi 96 faiz təşkil edir.