Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr edilən iclasında vacib bir məqama da toxunaraq bildirdi ki, bu il biz struktur islahatları aparmalıyıq: "Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz".
Milli Məclisin deputatı Xanhüseyn Kazımlının fikrincə, struktur islahatları ölkəmizin daha da inkişaf etdirilməsinə hesablanmış addımlardır: "Prezidentin dediyi kimi, struktur islahatlarının aparılması, operativ idarəetmə mexanizminin işlənib hazırlanması kimi tədbirlərin həyata keçirilməsi əhalinin güzəranı, sosial rifahını daha da yaxşılaşdırmağa, ərzaq bolluğunun təmin edilməsinə xidmət edir. Amma islahat gedəndə şübhəsiz ki, bəzi adamlar və mütəxəssislər iş yerlərini dəyişməli olacaq. Bu da strukturların birləşməsi, dəyişməsilə bağlıdır. Ona görə də Azərbaycanda kulturoloji səviyyə yüksəlməlidir.
Bu istiqamətdə deyilən təkliflər, görülən tədbirlər təkcə struktur dəyişikliyi ilə bağlı olmamalıdır. Məsələnin nəyə xidmət etdiyinə əhəmiyyət vermək lazımdır. Məsələn, ermənilərin türklərə qarşı nifrəti həddən artıq böyük olduğundan geri dönüb tarixə baxanda görürük ki, artıq bu patoloji xarakter alıb. Ona görə də biz struktur dəyişikliklərinə getməliyik ki, fəal, sayıq adamlar, cəbhələr yaradılsın. İndi Avropa 1 milyon qaçqının əlində əsir qalıb. Amma 25 il bundan əvvəl Azərbaycan 1 milyondan çox qaçqını elə yerləşdirdi ki, onların bütün yükünü dövlətimiz öz çiyninə götürdü.
Bu gün sərhədlərin açıq olması devalvasiya prosesinə əhəmiyyətli təsir göstərib, neftin qiymətinin aşağı düşməsi də,bütün bunlar ölkədə struktur dəyişikliyinin olmasını tələb edir. Hesab edirəm ki, Azərbaycan xalqı Prezidentin atdığı bu addım haqqında düşünməli, Prezidentin səsinə səs verərək struktur islahatlarına getmək üçün kulturoloji səviyyənin daha da yüksəlməsinə nail olmalıdır. Struktur islahatları yeniləşmədir, onun təzahürü, tələbləridir. Azərbaycan da struktur islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə məhkumdur, çünki dünyada gedən proseslər bunu tələb edir".
Deputat Aydın Mirzəzadə isə bildirdi ki, büdcəyə qənaət etmək baxımından struktur islahatlarının böyük əhəmiyyəti vardır: "Struktur islahatlarının aparılması, idarəetmənin təkmilləşdirilməsi fonunda idarəetmədə əlavə və yaxud bir-birini təkrarlayan həlqələr ləğv olunur. Bununla birincisi, bürokratik aparat aradan götürülür və idarəetmə cəmiyyətə, burada gedən proseslərə daha da yaxınlaşır. İkincisi, sahibkarlar, vətəndaşlar maneəsiz şəkildə öz problemlərini həll edə bilirlər. Eyni zamanda, bu, büdcəyə əhəmiyyətli şəkildə qənaət etməyə imkan verir ki, həmin qənaət edilən vəsait də digər sahələrə, ilk növbədə sosial problemlərin həllinə yönəldilir".