Son vaxtlar hüquqdan danışan bəzi beynəlxalq təşkilatların və yerli qruplar tərəfindən bloqqer Mehman Hüseynovun həbsini siyasiləşdirməyə yönləndirilmiş çağırışlar səslənir. Ancaq bu çağırışlarda M.Hüseynovun hansı siyasi qüvvəni təmsil etdiyi, hansı siyasi partiyanın sədri, yaxud heç olmasa üzvü olduğu qeyd olunmur. Bəs, onda onun “siyasiliyi” nədən bilinir?! Bəlkə, müstəqil şəkildə siyasətlə məşğul olub, hansısa seçkili orqana seçilmək arzusuna düşüb, amma buna görə onun qarşısına sədd çəkilib, həyatı təhlükə qarşısında qalıb?! Yox, bunların heç biri olmayıb. Olan odur ki, bir gənc bloqqer kimi o, kimlərisə naşı şəkildə tənqid atəşinə tutub, kiminsə ünvanına faktla yox, sözlə tənqid, yaxud böhtan söyləyib. Bunları sosial şəbəkədən hamı kimi mən də izləmişəm və bu gəncin həyəcanlı, lakin qeyri-səlis, sönük, məntiqə sığmayan danışığı və paylaşdığı video heç bir təsir oyatmayıb.
Məsələ burasındadır ki, sonralar M.Hüseynovun polislər tərəfindən məntəqəyə dəvət edildiyi, profilaktiki söhbətdən sonra buraxıldığı haqda da yazılanları oxumuşam. Oradan çıxandan sonra başına torba salınaraq polis maşınına oturdulub məntəqəyə aparılması və elə başıtorbalı halda döyülməsi barədə özü kimi bloqqerlərə müsahibə verməsini də izləmişəm. Həmin anda bu gəncin halına yanmışam. Ona görə yox ki, onu döyüblər, çünki onu nəinki döyməyiblər, heç sözlə də incitməyiblər, ona görə ki, görünüşündən tərbiyəli görünən bu gənc səhv cığıra düşüb. O, öz danışığı ilə bunu sübut edib. Əvvələn, öz dediyi kimi, on nəfər qoluzorba polis fiziki cəhətdən “zəif” Mehman Hüseynövu təplk altına salsaydılar, o, bir neçə ay xəstəxanada yatmalı, yaxud şikəst olmalı idi. Bunlar yoxdur. İkincisi, M.Hüseynov deyir ki, onu 10 nəfər polis işçisi döyüb. Maraqlıdır, küçədən başına torba salınıb aparılan təcrübəsiz və möhkəm döyülən gənc o çətin məqamda polisləri necə sayıb? Yox, açıq-aşkar görünür ki, bu bir ssenaridir: hər hansı bəhanə ilə polis məntəqəsinə daxil olmaq (polislərin aparması daha sanballı olar, bunun üçün onlara ipucu vermək gərəkdir), oradan çıxanda isə yaşanmış faciə görüntüsü yaratmaq və... xarici ölkələrdən birində yaşayış hüququ qazanmaq üçün tutarlı fakt əldə etmək.
Lakin ssenari həyata keçirilsə də sonu əksinə olub. Polislərə böhtan atdığına görə M.Hüseynov məhkəmənin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Amma ssenaristlər bunu siyasiləşdirməklə məqsədlərinə çatmağı düşünürlər. Başa düşə bilmirlər ki, onların düşündükləri “demokratiya” qanun qarşısında acizdir. Yeri gəlmişkən, Mehmanın qardaşı Emin də bu yolla xaricdə özünə məskən tapıb. Təbii ki, xaricdə yaşamaq üçün daha səmərəli yollar da mövcuddur. Lakin Emin-Mehman qardaşları kimi insanlar xarici ssenaristlərin diktəsi ilə bu yolu seçirlər. Çünki, bəzi xarici qüvvələr Azərbaycanın dövlət rəhbərliyinə təsir vasitəsi kimi siyasi bəhanələr axtarır və bu yolda damarı zəif, Vətəni əleyhinə istənilən böhtanı deməyə meyilli insanlar onların qurbanlarına çevrilirlər. Təəssüf!
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu olayla bağlı deyib ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb. Əli Həsənovun sözlərinə görə, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da vətəndaşlar, təşkilatlar və s. məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edirlər: “Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir.
Hesab edirəm ki, bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”.
N.NOVRUZ