Əlaqə Arxiv
news Image
2017.03.08
11:21
| A A A
Qadın siyasətinin uğurları...

Azərbaycanda qadına tarixən böyük dəyər verilib. Demək olar ki, bütün dövrlərdə Azərbaycan qadını ailənin əsas sütunu hesab olunub. Ailənin qurucusu və qoruyucusu sayılan Azərbaycan qadını üzərində həm də böyük məsuliyyət daşıyıb. Bu, cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsi, nəsildən-nəsilə ötürülməsi ilə bağlıdır. 

Bu gün də Azərbaycan qadını sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, cəmiyyətin ictimai-siyasi həyatında əhəmiyyətli rolu ilə seçilir. Azərbaycan cəmiyyətində qadınların rolunun böyük olduğu artıq hər addımda hiss edilir. Ölkə əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar demək olar ki, cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Qadınların ictimai-siyasi aktivliyi, qanunverici və icra orqanlarda çalışması bəzən müasir, qloballaşma dövrünün tələbi kimi təqdim olunsa da, əslində Azərbaycanda qadınlar tarixən cəmiyyətin inkişafında aparıcı rola malik olublar.  Hələ 15-ci əsrdə Ağqoyunlular dövlətinin diplomatik fəaliyyətində Sara Xatun kimi qadın diplomatımız böyük rol oynayıb. Ona görə də tarixin hansı dövrünə boylansaq, həmin dövrlərdə Azərbaycan qadınlarının cəmiyyətin formalaşmasında, inkişafında əməyini, dəsti-xəttini  görmək olar... 

Azərbaycan qadını 
dünən, bu gün...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova da deyir ki, Azərbaycanda qadınların ictimai-siyasi həyatda, cəmiyyətin inkişafında rolunun ancaq bu gün hiss olunduğunu söyləmək olmaz: “Azərbaycan qadınları tarixən ictimai-siyasi həyatda, cəmiyyətin inkişafında öz töhfələrini veriblər. Buna tarixdən çoxsaylı misallar çəkmək olar. Azərbaycan qadını ailədə sədaqətli ömür-gün yoldaşı, uşaqları layiqli vətəndaş yetişdirən ana kimi öz üzərinə düşən missiyanı yerinə yetirməklə yanaşı, cəmiyyətin inkişafında da xidmət göstərib. Tarixin hansı dövrünə baxsaq, Azərbaycan qadını öz həyat yoldaşı ilə birgə çətinliklərin altına öz çiynini verib. İstər sülh, istərsə də müharibə dövrlərində qadınlar ön və arxa cəbhədə misilsiz fədakarlıqlar, qəhrəmanlıqlar göstəriblər. Yəni, Azərbaycan qadının ictimai-siyasi həyatda fəal iştirakını yalnız qloballaşma dövrü, bu günümüzlə bağlamaq olmaz. Azərbaycan qadınları hər zaman öz ictimai fəaliyyətləri ilə öndə olublar. Sovet dövründən etibarən bu, daha çox hiss olunub. Bu gün isə dövrün, zamanın tələbi ilə, eləcə də Azərbaycanda aparılan uğurlu qadın siyasəti nəticəsində qadınlarının ictimai həyatda iştirakçılıq səviyyəsi daha da artıb”.

İşini uğur üzərində 
kökləyən Komitə...

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra  ölkəmiz qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub: “1992-ci ildə Azərbaycan BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Azərbaycan doğrudan da gender siyasəti sahəsində nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adı ilə fəaliyyətinə start verdi. Bu gün də Komitə işini uğurla davam etdirir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsindən bildirdilər ki,   bu gün ölkəmizdə qadın hüquqlarının qorunması üçün qanunvericilik bazası təkmildir: “2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə fərman imzalandı. Bu sənəd ölkə üzrə bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tuturdu. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olundular. Fərmana əsasən Azərbaycanın bütün bölgələrində icra hakimiyyəti başçılarının müavinlərindən biri qadınlardan təyin olunmalı idi. Bu fərman demək olar ki, uğurla icra olundu. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunub. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Bu gün də qanunvericilik bazasının təkminləşdirilməsi işi davam edir”.

Komitə hesabat 
tələb edəndə...

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu gün ölkəmizdə qadın siyasətinin uğurla davam etdiyini, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əməli iş görüldüyünü söyləyir. Həmsöhbətimiz deyir ki, Azərbaycanda dövlətin qadın siyasəti, qəbul edilən qanunlar, qoşulduğumuz konvensiyalar ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinə təminat verir: “Unutmayaq ki, qadın hüquqlarını qorumaq üçün hüquqi baza olmalıdır. Bu baza da var. Bu gün  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmini istiqamətində rolu danılmazdır. Bu Komitə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmini istiqamətində qurumlararası əməkdaşlığı gücləndirib. Komitə tərəfindən mütəmadi olaraq genderlə bağlı, eləcə də qadın hüquqların realizəsi işi aparılır. Müvafiq qurumlardan hesabat tələb edilir. Bu da aidiyyatı qurumların bu istiqamətdə məsuliyyətini artırmaqla yanaşı, fəallığını yüksəldir”.
M. Zeynalova deyir ki, bəzən Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin fəaliyyəti qərəzli olaraq pislənir: “Bu Komitənin fəaliyyəti Azərbaycanda qadın hüquqlarının reallaşmasında mühüm rol oynayır. Komitə olmadan bu hüquqların reallaşmasında çətinliklərin yaşanması istisna deyil”.

Qadınlara qarşı 
ayrı-seçkilik yoxdur!

Birlik sədrinin sözlərinə görə, əgər Komitə və ictimai təşkilatlar tərəfindən maarifləndirmə işləri aparılmasa, qadın hüquqlarının müdafiəsi ilə bağlı uğurlu naliyyətlər əldə etmək olmaz: “Mən həmişə deyirəm ki, Komitə bu yöndə çox iş görür. Rayonlarda olurlar, kifayət qədər təlimatlandırma, maarifləndirmə işləri aparırlar. Bu gün hər bir qadın rahatlıqla Komitə rəsmilərinin qəbulunda olub problemini söyləyə bilir. Bu,  çox müsbət haldır”. 
M. Zeynalovanın sözlərinə görə, qadınların ictimai həyatda iştirakçılığının və təmsilçiliyinin artması da elə görülən işlərin, dövlət qadın siyasətinin uğurlu nəticəsidir: “Bu gün Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni sahələrdə təmsilçiliyi artan xətt üzrə inkişaf edir. Bu özü dövlət qadın siyasətinin uğurla icrasından xəbər verir. Əgər qadınlara qarşı ayrı-seçkilik olsaydı, Azərbaycan qadını heç vaxt vitse-prezident, nazir postuna yüksələ bilməzdi. Deməli, ölkəmizdə buna şərait var”.

Məişət zorakılığının 
qarşısı alınmalıdır!

Həmsöhbətimiz bildirir ki, bu gün qadınlarla bağlı həll edilməli əsas məsələ məişət zorakılığının aradan qaldırılmasıdır: “Çox təəssüf ki, bu naliyyətlərlə yanaşı, Azərbaycanda qadınlara qarşı zorakılıq halları da var. Bunun aradan qaldırılması üçün işlər görülməli, problemdən çıxış yolları aidiyyatı qurumlarla müzakirə edilərək aradan qaldırılmalıdır”.

Monitorinq qruplarının fəaliyyəti səmərə verir

Komitədən isə bildirdilər ki, rayonlarda məişət zorakılığının monitorinq qrupu fəaliyyət göstərir: “Komitənin fəaliyyət istiqamətlərindən biri məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. Bütün rayonlarda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli icra orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupları yaradılıb. Onlar yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır. Həmçinin məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramı hazırlanıb mövcud sığınacaqlarda tətbiq edilibdir. Proqramın məqsədi məişət zorakılığına məruz qalmış qadınların fiziki və psixoloji problemlərinin həll olunması, qurbanların özlərinin və övladlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılması, eyni zamanda sosial və hüquqi müdafiəsini təmin etməkdən ibarətdir. Məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya məqsədilə praktik psixoloqlar işə cəlb edilibdir. Məişət zorakılığına məruz qalmış qadınlara və onların uşaqlarına tibbi, sosial, psixoloji, yardım göstərilibdir. Komitə tərəfindən məişət zorakılığına məruz qalmış qadınlarla məşğulluq sahəsində konsultasiya aparılıb, peşə kurslarına cəlb edilib və onların işlə təmin olunmasına köməklik göstərilib. Bütün bunlarla yanaşı məişət zorakılığına məruz qalmış qadınların vəkillə təmin edilməsi, onlara məhkəmə davasının açılmasında köməklik göstərilməsi, onları məhkəmə prosesində müşayiət etmək və s. işlər həyata keçirilibdir”.

Səlahiyyət sahibi 
olan zərif cins 
nümayəndələrinin 
sayı artır...

Ölkəmizdə işi məhkəməyə düşən, hüququ pozulan qadınlara yardımlar edilsə də, bu gün Azərbaycan qadını özü ən müxtəlif instansiyalarda öz sözünü deyə bilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bunu statistik göstəricilər də təsdiqləyir. Belə ki, bu gün Azərbaycanın 71 rayonunun icra başçısının müavini qadındır. Həmçinin Azərbaycanda bu gün icra başçısı qadın da var. Məlumata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%-ə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%-ə çatıb. Milli Məclisdə də qadın millət vəkillərinin sayı artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlib. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil edib. Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.  2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxıb, yəni 20%-ə çatıb. 
A. Veysəlova deyir ki, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin savadlılıq göstəricisi qadınlar üzrə 99,8, kişilər üzrə 99,9 faiz təşkil edir. Həmsöhbətimiz bu gün qadınların əsasən təhsil, səhiyyə sahəsində çalışdığını söyləsə də, artıq maliyyə-biznes sektorunda da qadınların uğurlarının günü-gündən artdığını söyləyir. 
Elə ekspertlər də, Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsinin ailələrdə sosial problemləri aradan qaldırdığı fikrindədirlər. M. Zeynalovanın sözlərinə görə, təhsilsiz, eləcə də iqtisadi baxımdan həyat yoldaşından asılı olan qadınlar  daha çox zorakılığa məruz qalırlar: “Ona görə də, düşünürəm ki, Komitə erkən nikahların qarşısının alınması, qızların təhsildən yayınması ilə bağlı aidiyyatı qurumlarla işini davam etdirməlidir. Regionlarda Qadın Resurs Mərkəzlərinin yaradılması təqdirəlayiq haldır”.
Apardığımız araşdırmadan sonra belə nəticəyə gəlmək olar ki, zərif cinsin cəmiyyətin həyatında yeri, rolu, fəaliyyəti bundan sonra da yüksəlməkdə davam edəcək...


Zülfiyyə QULUYEVA  

 

Sizin Reklam Yeriniz