Əlaqə Arxiv
news Image
2012.04.03
20:32
| A A A
Xocalı - tarixin qanlı səhifəsi Tarix bizə nə deyir
XX yüzildə Azərbaycan türklərinin tarixində xeyli sevincli, şərəfli günlər olub. Belə qürur doğuran günlərə, illərə misal olaraq Yaxın və Orta Şərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən yaradılmış Azərbaycan Cümhuriyyətinin mövcud olduğu (1918-1920), Sovet işğal rejimindən qurtulduğu (1991) və s. kimi illəri göstərmək olar. Tariximizdəki belə sevincli günlər təsadüfən olmayıb, kimsənin hədiyyəsi deyildi. O, illərlə aparılan əzablı, çətin milli mübarizənin nəticəsində yaranmışdı. XX yüzildə milli haqları uğrunda mübarizə aparan xalqımız sevincli günlərlə bərabər, bir çox faciələrlə də üzləşmişdir. Xalqımızın qarşılaşdığı belə faciələrdən biri də 1992-ci ilin fevralında baş vermiş Xocalı qırğınıdır. "Xocalı faciəsi təsadüfi hadisə deyildi. Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi"



Yaxın keçmişə qısa səyahət



1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım dünyada rast gəlinən nadir vəhşiliklərin nümunəsidir. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.



Faciəyə kimlər hansı qiyməti verdi



O vaxtlar bu faciənin təsirini dərindən anlayan Heydər Əliyev, "Xalqımızın igid və qəhrəman övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşub şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə olan sədaqətinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın vəhşi millətçi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır, vəhşiliyin görünməyən bir təzahürüdür." Deyərək fikirlərini bölüşüb.

Bu soyqırımın dəhşətlərini yaşayan şahidlərin dedikləri, sözün əsl mənasında, düşməndə insanlıqdan əsər-əlamət qalmadığını sübut edir: "Xankəndindəki beşmərtəbəli evin zirzəmisində saxlanarkən mənim yanımda sərxoş ermənilər təxminən 15 - 16 yaşında bir oğlanın qolunu kəsdilər sonra isə bıçaqla öldürdülər. Bir qadının qarnını kəsib diri pişik saldıqlarını gördüm."

Əsrin ən böyük faciəsi xarici medianın da gözündən yayınmadı. Dünyanın ən tanınmış kütləvi informasiya vasitələri olaya lazımi qiymət verdi. Dünya ictimaiyyəti bir daha anladı ki, hələ də insanlıqdan xəbəri olmayan vəhşi xalqlar mövcuddur.

"Krua l"Eveneman" jurnalı (Paris), 25 fevral 1992-ci il tarixli buraxılışında yazır: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər". İngiltərənin "Sunday Tayms" qəzeti isə 1 mart 1992-ci ildəki nömrəsində faciənin dəhşətlərini belə anladır: "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər".

Londonda nəşr edilən "Faynenşl Tayms" qəzeti isə 9 mart 1992-ci il buraxılışında yazır: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar".

Livanlı kinooperator gördüyü dəhşətlərdən bir müddət özünə gələ bilməyib. Ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərdiyini təsdiq edib.

"Times"ın 4 mart 1992-ci ildə çıxan buraxılışında yazılanlar insanlarda qəzəb hissi oyatmaya bilməzdi: "Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalıbdır."

Həmin tarixdə çıxan "İzvestiya", "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür".

"Financial Times" qəzetinin 14 mart 1992-ci il sayında dərc olunub: "General Polyakov bildirirdi ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalıb."

"Le Mond" qəzeti, Paris, 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".

"İzvestiya", 13 mart 1992-ci il: Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

"Valer aktuel" jurnalı, Paris, 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər".

R.Patrik, İngiltərənin "Fant man news" teleşirkətinin jurnalisti (hadisə yerində olub): "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz."

Yuxarıda sadalanan bütün faktlar bizdən daha fərqli tarix yazmağı tələb edir. Həmin tarixdə Xocalı faciəsinə beynəlxalq aləmda soyqırım hadisəsi kimi siyasi, hüquqi qiymətin verilməsi, cinayət törətmiş şəxslərin cəzalandırılması kimi hadisələr var. Beynəlxalq hüquq və konvensiyalar bizim əsas istinad nöqtəmizdir.



Beynəlxalq aktlar nədən xəbər verir?



Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:

- bu cür qrup üzvlərinin öldürülməsi;

- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;

- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;

- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Xocalı soyqırımının səbəbkarları bu gün hələ cəzalandırılmasa da, onunla bağlı bəzi məhkəmə işləri artıq mövcuddur. Həmin məhkəmə çəkişmələrindən biri də jurnalist Eynulla Fətullayevin işi ilə bağlıdır. Belə ki, redaktoru olduğu qəzetdə faciə ilə bağlı reallığı əks etdirməyən jurnalist, ermənilərin Xocalı sakinlərinə şəhəri tərk etmək üçün vaxt verdiyini yazıb. Bütün məhkəmə çəkişmələrinin nəticəsi olaraq Avropa Məhkəməsi Eynulla Fətullayevə bəraət verib. Əslində bu məsələyə iki mövqedən yanaşmaq olar. Biri insan hüquq və azadlıqları, digəri isə Azərbaycanın dövlət mənafeyi.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, Eynulla Fətullayevin işi üzrə Avropa Məhkəməsinin qərarı jurnalistin hüquqlarının bərpası baxımından doğru addımdır: "Avropa məhkəməsinin qərarı ondan ibarətdir ki, ifadə azadlığını məhdudlaşdırmaq üçün legitim hüquqi əsas olmalıdır. Məhz bu məhkəmə də 10-cu maddənin pozulmasını əsas gətirərək, ölkə məhkəmələrinin ittihamlarını ləğv edib".

Ekspertin fikrincə, bu məhkəmə qərarının gələcəkdə heç bir pozitiv təsiri ola bilməz və qərar bu baxımdan ilk qərardı ki, Azərbaycanla bağlı neqativ təəssürat yaradır: "Bu qərarın pozitiv təsirindən danışmağa dəyməz. Qərarda belə göstərilir ki, azərbaycanlılar qaçıb canını qurtara bilərdi, amma onların bilgisi olmadığından bunu etməyiblər. Bu növ saçmalıqlar əlbəttə bizim ziyanımızadır. Amma qərarın tam mahiyyəti başqa fikri təsdiqləyir."

Kimin nə deməsindən asılı olmayaraq bir fakt var! O, da Xocalı faciəsinin hələ də dünyada tam qəbul etdirilməməsi və səbəbkarlarının cəzalandırılmamasıdır.

Tural QABİLOĞLU
Tarix
30 Noyabr 2011 12:35
30 Noyabr 2011 11:55
Sizin Reklam Yeriniz