Ukraynanın universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi açılıb
Ukraynanın Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dil və
Mədəniyyət Mərkəzi açılıb. Bu barədə Movqe.az-a Bakı Slavyan
Universitetindən məlumat verilib. Məlumatda bildirilir: Dünyanın
nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə səmərəli
əməkdaşlıq Bakı Slavyan Universitetinin fəaliyyətinin prioritet
istiqamətlərindən biridir. BSU-nun ölkə hüdudlarından kənarda
apardığı işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin,
ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır.
"Azərbaycanşünaslıq" ixtisası üzrə kadr hazırlığı istiqamətində
böyük təcrübə toplamış Bakı Slavyan Universiteti dilimizi və
mədəniyyətimizi təbliğ etmək məqsədilə müxtəlif ölkələrin
universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin
yaradılması və onların fəaliyyətinin təmin edilməsi istiqamətində
mühüm rola malikdir. Bu gün Rusiyanın Moskva Dövlət Linqvistik
Universiteti, Belarusun Maksim Tank adına Belarus Dövlət Pedaqoji
Universiteti və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət
Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan dili və
mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə müntəzəm
olaraq müvafiq məşğələlər keçirilir, tələbələr üçün vaxtaşırı
Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tanınmış
ziyalıları və ictimai xadimləri ilə görüşlər, Azərbaycan
yazıçılarına, şairlərinə həsr olunmuş gecələr təşkil olunur, milli
və dövlət bayramları, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd
olunur. Bu mərkəzlərin yaradılması yalnız universitetlərarası
əlaqələrin inkişafı üçün deyil, həm də ölkələrarası siyasi, tarixi,
mədəni-kulturoloji və elmi əlaqələrin möhkəmlənməsi baxımından
böyük əhəmiyyət kəsb edir. Dünən sözügedən mərkəzlərin sırasına
yeni bir mərkəz də əlavə olunmuşdur. Belə ki, 2010-cu ilin
oktyabrında Bakı Slavyan Universiteti ilə Ukraynanın Kiyev Milli
Linqvistik Universiteti arasında uzunmüddətli əməkdaşlıq haqqında
imzalanmış müqaviləyə əsasən universitetlərarsı tələbə-müəllim
mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil
olunması, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik
vəsaitlərin hazırlanması və ən əsası, KMLU-da Azərbaycan dilinin
tədrisi və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması
barədə mühüm razılaşma əldə edilmişdir.Artıq Kiyev Milli Linqvistik
Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması
ilə bağlı hazırlıq işləri sona çatdırılmış və mərkəz Azərbaycanın
ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təchiz
olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti bu
mərkəzi yalnız metodik vəsaitələrlə təmin etməklə
kifayətlənməmişdir. Burada müasir texniki avadanlıq quraşdırılmış,
xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və
tarixini, zəngin milli adət-ənənələrini əks etdirən eksponatlar
yerləşdirilmişdir. "Azərbaycanşünaslıq" ixtisası istiqamətində
Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini tədris
etmək məqsədilə filologiya elmləri doktoru, BSU-nun professoru
Rafiq Novruzov KMLU-ya ezam edilmişdir. Martın 29-da, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
ərəfəsində Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev
adına Azırbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı
olmuşdur. Açılışda Azərbaycanın Ukraynadakı səfirliyinin
təmsilçiləri, BSU-nun və KMLU-nun rektorları, Ukrayna
Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri,
Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa üzrə
nümayəndəliyinin başçısı, KMLU-nun tələbələri və Kiyevin ali təhsil
müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak
etmişlər. Giriş sözü ilə KMLU-nun rektoru prof R.V.Vasyuk çıxış
edərək, iki universitet arasındakı müqaviləyə əsasən fəaliyyət
göstərəcək Mərkəzin açılışını əlamətdar hadisə kimi qiymətləndirdi.
O qeyd etdi ki, bu hadisədən öncə daha bir mühüm hadisə baş
verimşdir: Azərbaycan dili universitetin Şərqşünaslıq fakültəsində
öyrənilən dillərin kadastrına daxil edilmişdir. Artıq üçüncü kürs
tələbələri fəaliyyətdə olan Mərkəzdə məşğul ola bilərlər. Burada
onlar Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı zəngin
ədəbiyyatla tanış olmaq imkanı əldə etmişlər. BSU-nun rektoru,
AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev bu əlamətdar hadisə
münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək, bildirdi
ki, bü, Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət
göstərən Mərkəzdən sonra BSU-nun təşəbbüsü ilə Ukraynada açılmış
ikinci mərkəzdir. O əlavə etdi ki, Ümummilli Lider Heydər Əliyevin
adını daşıyan və açılışı onun anadan olmasının 90 illiynə təsadüf
edən bu Mərkəz iki dost xalqın daha da yaxınlaşmasında əvəzsiz rol
oynayacaqdır. Daha sonra tədbirdə Azərbaycanın Ukraynadakı
Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətlinin və Ukraynanın
ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişşenkonun,
eləcə də Azərbaycan Dili və Mədəniyyyəti Mərkəzinin fəaliyyət
göstərdiyi Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru
prof. Aleksey Nestulyanı təbrik məktubları oxundu. ARDNŞ-ın
nümayəndəsi öz çıxışında qeyd etdi ki, neft şirkəti də Mərkəzi
linqafon kabineti və interaktiv lövhəylə təchiz etməklə onun
təşkilinə öz töhfəsini vermişdir. Ukraynada Azərbaycan diaspora
təşkilatının sədri Rövşən Tağıyevin qeyd etdiyi kimi bu mərkəz
Kiyevdə Azərbaycanın təhsil və mədəniyyət guşəsi kimi fəaliyyət
göstərəcəkdir. Tədbirin sonunda azərbaycanlı və ukraynalı tələbələr
milli geyimlərdə konsert proqramı ilə çıxış etmişlər. Açılışda
xatirə şəkilləri çəkilmişdir. Qeyd etmək lazımdır ki, Bakı Slavyan
Universitetinin Azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bununla
məhdudlaşmır. Hazırda BSU-nun təşəbbüsü və dəstəyi ilə bir sıra
xarici ölkələrin nüfuzlu universitetlərində yeni Azərbaycan
tədris-mədəniyyət mərkəzlərinin təşkili istiqamətində intensiv iş
aparılır və imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində
Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş
təbligi, tədrisi və tədqiqi sahəsində uğurlu addımlar atılır. Belə
ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq Universiteti (Mayns),
Rusiyanın Ural Federal Universiteti, Bolqarıstanın Müqəddəs Kliment
Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq müqavilələri
imzalanmışdır. Müqavilələrin önəmli tərəflərindən biri də sözügedən
universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin
açılması ilə bağlıdır və bu məqsədlə artıq müvafiq hazırlıq işləri
aparılır.Tədbirin Azərbaycanın Təhsil Naziri Misir Mərdanovun
təbrik məktubu oxunub.