"Əslində "sağ əlin verdiyindən, sol əlin xəbəri olmamalıdır". Amma biz də nəzir qutularına toplanan ianələrlə bağlı şəffaflığın tərəfindəyik".
Bu sözləri Movqe.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun dini icmalar tərəfindən ianələrin xərclənməsində sui-istifadə halları ilə bağlı açıqlamasına münasibətində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova söyləyib. R. Dadaşova bildirib ki, müsəlman icmaları ianələrlə bağlı QMİ-yə hesabat verirlər: "QMİ-nin Nəzarət Təftiş Komissiyası məscidlərdə ianələrin necə xərcləndiyi ilə bağlı təftiş aparır. Toplanan ianələrlə görülən işlər arasında olan uyğunluqdan bu məsələdə nə dərəcədə şəffaflıq olduğu, hesabatların şəffaf olması məlum olur. Amma QMİ nəzir qutularına toplanan ianələrə tam nəzarət də edə bilməz. Çünki, məscidlərdə bəzən o ianələrdən elə işlərə vəsait sərf olunur ki, bu iş "sağ əlin verdiyindən sol əl xəbər tutmamalıdır" prinsipi ilə yerinə yetirilir. Kimsəsiz insanlara yardımlar edilir və sair. Amma biz də toplanan ianələrin xərclənməsində şəffaflığın olmasının tərəfindəyik".
Xatırladaq ki, açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov dini icmalar tərəfindən ianələrin xərclənməsində sui-istifadə hallarının olduğu və bununla bağlı Komitəyə çoxsaylı şikayətlərin edildiyini söyləmişdi.