Növbəti tədris ilində təhsilə davamiyyət məsələsinə ciddi
nəzarət ediləcək. Bu barədə virtualaz.org saytına Təhsil
Nazirliyindən məlumat verilib. Xəbərdə deyilir ki, xüsusən qızların
məktəbdən kənarlaşdırılması faktlarına qarşı tədbirlər görüləcək:
"Məktəb rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və
ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında
tapşırıqlar verilib. Uşaqların təhsilə cəlb edilməsində
hüquq-mühafizə orqanlarının da köməyindən istifadə ediləcək".
Qeyd edək ki, məktəbdən yayınma halları Azərbaycan təhsilinin ən
ağrılı yeridir. Bunu Təhsil Nazirliyinin rəhbər şəxsləri də
dəfələrlə vurğulayıblar. Keçmiş təhsil naziri Misir Mərdanov hələ
iki il öncə dəhşətli bir statistika açıqlamışdı. O bildirmişdi ki,
Azərbaycanda orta məktəb şagirdlərinin 10-11 faizi təhsildən
yayınır. Ekspertlərin rəyləri də bunu təsdiqləyir. Azərbaycan
Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva da virtualaz.org-a
açıqlamasında küçə uşaqları arasında məktəbdən yayınanların çox
olduğunu vurğuladı: "Bizim təşkilata müraciət edən uşaqlar arasında
hərf tanımayanlar belə var. Bəziləri isə adları məktəbdə
qeydiyyatda olsa da təhsildən yayınıb. Buna görə də uşaqların
təhsildən yayınmalarının qarşısının alınmasına ciddi nəzarət
olunmalıdır".
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə təhsildən
yayınmaların əsasən bölgələrdə və Bakıətrafı kəndlərdə qeydə
alındığını dedi: "Xüsusilə Bakıətrafı kəndlərdə qızların təhsildən
yayındırılaraq erkən yaşda ərə verilməsi faktları var. Belə faktlar
gizlədildiyindən vaxtında tədbir görmək mümkün olmur".
M.Əzizova qeyd etdi ki, Bakıətrafı kənd və qəsəbələrdə
maarifləndirici tədbirlərin keçirilməsi çətindir, çünki kənd
qadınları belə tədbirlərə gəlmirlər.