Əlaqə Arxiv
news Image
2013.08.20
16:53
| A A A
Arazın suyu azalıb-Eksklüziv
Abdulrəhim Hacıyev: "Araz çayında suyun həcmi 79 milyon kub azalıb"

"Arazın suyunda azlama var". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su Anbarlarının və Hidroqovşaqlarının İstismarı sektorunun müdiri Abdulrəhim Hacıyev söyləyib. A. Hacıyev bildirib ki, ötən il Arazda suyun həcmi 576 milyon  kub olubsa, hazırda bu rəqəm 497 milyon kub təşkil edir. Iranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılmasının Arazın suyunu azaldacağı bildirilsə də, sektor müdiri bu azalmanın Arazın suyunun Urmiya gölünə axıdılması ilə bağlı olmadığını söyləyir. Onun sözlərinə görə, azalma təbii hadisələrin nəticəsində baş verib. A. Hacıyev bu günə olan məlumata görə, Araz çayında suyun həcminin 497 milyon kub, gələn suyun həcminin  saniyədə 9 kub olduğunu söyləyib: "Ötən il Araza axıb tökülən suyun miqdarı saniyədə 21 kub idi. Bu il isə 9 kub olub. Bunun Araz çayının suyunun Urmiyə gölünə axıdılması ilə heç bir bağlılığı yoxdur. Bu təbii proseslərin nəticəsində baş verən bir hadisədir".

Qeyd edək ki, xəbərlərə görə, Iranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlanılıb. Layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək, Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait yaratmaqdan ibarətdir. Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir. İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb. Bundan əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq. 


Sizin Reklam Yeriniz