Əlaqə Arxiv
news Image
2013.09.02
14:27
| A A A
“Namizədin özünü xaricilərə tanıtmaq istəməsi, dəstək umması pislənməlidir”
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov "Yap.org.az" saytına müsahibədə prezident seçkisinə hazırlıqdan danışıb: "Partiyanın seçki taktikasında istifadə etdiyi bir çox önəmli yanaşmalardan biri prezident, parlament və ya bələdiyyə seçkiləri olmasından asılı olmayaraq ciddi yanaşma ortaya qoymasıdır. 2013-cü ilin prezident seçkisi də bu baxımdan istisna deyil və YAP bu kampaniyaya da çox məsuliyyətlə yanaşır. Bunun ən bariz göstəricilərindən biri kampaniyasının təxminən avqust ayının əvvəllərindən başlamasına baxmayaraq YAP-ın xeyli müddət, aylarla öncədən seçkiyə hazırlaşmasıdır. Seçki kampaniyası elan olunduqdan sonra üzərimizə düşən vəzifəni çox qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyimizin vacib səbəblərindən biri də budur.

Partiyamızın namizədi qeydiyyatdan keçib, seçki gündəliyinə uyğun olaraq təbliğat kampaniyasının keçirilməsinə hazırlaşmaqdayıq. Müəyyən edilmiş qrafikə görə, Azərbaycanda təbliğat kampaniyası sentyabr ayının 16-dan başlayacaq və partiyamız uğurlu kampaniya aparmaq üçün bütün hazırlıqları görüb.

YAP-ın böyük insan potensialı var. Partiyamızın bir çox üzvləri prezident İlham Əliyevin təbliğat kampaniyasında yaxından iştirak etmək istədiklərini bəyan edirlər. YAP seçki hərəkətlərində onların potensialından geniş şəkildə faydalanmaq niyyətindədir. Partiyanın təşkilati imkanları da genişdir, Azərbaycanın hər bir inzibati ərazi bölgəsində yerli təşkilatlarımız var, onlar öz fəaliyyətlərini aktiv şəkildə təşkil edirlər və kampaniyanın bölgələrdə uğurla həyata keçirilməsində yaxından iştirak edəcəklər.

Bu günədək seçki qrafikinə uyğun olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Bundan sonra da qarşımızda dayanan məqsədləri uğurla həyata keçirəcəyik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını, eyni zamanda dövlət başçımızın rəhbərliyi altında növbəti beş ildə ölkəni gözləyən uğurlar barədə proqnozlarımızı və qəti inamlarımızı Azərbaycan seçicisinin diqqətinə bir daha çatdıracağıq. İstəyirik ki, prezident İlham Əliyevi dəstəkləyən hər bir seçici seçki kampaniyasında yaxından iştirak etsin və səsvermə günü səsvermə məntəqələrinə gələrək öz səslərini versinlər".

Müxalifət cəbhəsinə toxunan Əli Əhmədov deyib ki, bu qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar: "Seçkinin uğurunu təmin edən vacib məqamlardan biri olan namizədin müəyyənləşdirilməsi məsələsi də bütövlükdə seçki kampaniyasına hazırlığın tərkibinə daxildir. Seçkiyə seçkidə iştirak edəcək əsas fiquru müəyyənləşdirmədən abstrakt şəkildə hazırlaşmaq mümkün deyil. Seçkiyə hazırlaşmaq, hər şeydən əvvəl seçkidə iştirak edəcək həlledici fiqurun müəyyənləşdirilməsi və onun strategiyasının müəyyən edilməsi zəminində mümkün olur. Dünyanın hər yerində uğurlu partiyalar, o cümlədən YAP bu cür edir. Biz namizədimizi müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmamışıq. Çünki bu bizim seçki ilə əlaqədar həyata keçirdiyimiz bütün hərəkətlərin baş sualı olub və bu sual bizim üçün həmişə aydın cavabı ilə yadda qalıb.

Müxalifət düşərgəsində isə namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikdən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil. Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur. Hər bir seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki, həmin şəxslər onu namizəd kimi irəli sürən qrup üçün lider olsun. Partiya özünün lideri qəbul etdiyi şəxslə seçkiyə qatılır. Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz. Nəticədən asılı olmayaraq hər bir siyasi partiya öz liderini seçki kampaniyasının həlledici fiquru olaraq qəbul edir".

YAP sədrinin müavini əlavə edib ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər: "Bir neçə gün bundan əvvəl müxalifətin "dublyor" namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi "bəyənilmək" üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda "bəyənməlidirlər"? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir".


Sizin Reklam Yeriniz